Ankarada “Qarabağ Zəfəri. Həkim gözü ilə qardaşlıq dastanı” adlı təntənəli tədbir keçirilib VİDEO
Ankara, 5 noyabr, AZƏRTAC
Azərbaycanın Türkiyədəki səfirliyinin Azərbaycanlı Həkimlər Dərnəyinin Sağlıq Bilimləri Universitetində bu ali təhsil ocağı ilə birgə təşkil etdiyi “Qarabağ Zəfəri. Həkim gözü ilə qardaşlıq dastanı” adlı tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, iki qardaş ölkənin dövlət himnləri səsləndirilib. Tədbirdə Azərbaycanın tarixi, Vətən müharibəsindəki Zəfəri və Türkiyədə təhsil alan azərbaycanlı həkimlərin müharibə dövründəki fədakarlığını əks etdirən videomaterial nümayiş olundu.
Çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Sağlıq Bilimləri Universitetinin rektoru professor Cevdet Erdöl, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov və Türkiyə Parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Şamil Ayırım Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərinin, eyni zamanda Türkiyənin, bütün türk millətinin zəfəri olduğunu bildiriblər. 84 milyonluq Türkiyənin müharibənin ilk anlarından etibarən Azərbaycanın yanında olduğu qeyd edilib. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.
Çıxış edən tibb xidməti mayoru Anar Aslanov bildirib ki, Sağlıq Bilimləri Universitetinin tibb fakültəsində işləyən və ixtisas artıran 30 hərbi həkim Vətən müharibəsi başladıqdan dərhal sonra ailələrini, işlərini qoyaraq, könüllü olaraq Azərbaycana qayıdıb, yaralı hərbçilərimizə tibb xidməti göstərməkdən, Zəfərin bir parçası olmaqdan qürur hissi keçirirlər.
Sonra Azərbaycanlı Həkimlər Dərnəyinin rəhbəri Fərid Qasımzadə, həmin dövrdə Vətənə qayıdan mülki həkimlər və toplanan tibbi ləvazimat yardımları haqqında məlumat verib.
Daha sonra həkimlərə Azərbaycanın Türkiyədəki səfirliyinin fəxri fərmanı təqdim edilib.
Tədbir Azərbaycan Müdafiə Nazirlinin Heydər Əliyev adına Ali Hərbi Məktəbinin orkestrinin konserti ilə yekunlaşıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara