Antonio Koştanın Bakıya səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərində mühüm dönüş mərhələsidir ŞƏRH
Bakı, 19 mart, AZƏRTAC
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri, artıq Brüsselin ayırıcı xətlərsiz, dinc və geosiyasi subyekt kimi çıxış etməyi bacaran Cənubi Qafqazın maraqlarına daha çox cavab verdiyini anladığı, yaxud bu reallıqla razılaşdığı təəssüratını yaradır. Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın mətbuata birgə bəyanatlarında yer alan məqamlar da belə qənaətə gəlməyə əsas verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.
Onun sözlərinə görə, bəyanatda ən önəmli məsələlərdən biri ikitərəfli gündəliyin daha da irəli aparılması üçün möhkəm hüquqi çərçivə yaradacaq yeni, əhatəli saziş üzrə danışıqların tezliklə yekunlaşdırılmasının vurğulanmasıdır. Avropa İttifaqının “Qlobal Qapı” layihəsi çərçivəsində Naxçıvan dəmir yolunun müasirləşdirilməsinə dəstək, həmçinin TRIPP-in icrası istiqamətində Azərbaycanla əməkdaşlıq vədi göstərir ki, “Sülh qovşağı” ifadəsi emosional səslənsə də, rasional yanaşma “Zəngəzur dəhlizi”nin əhəmiyyətini ön plana çıxarır. Xüsusilə hazırkı mərhələdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə daha qabarıq şəkildə görünür. Bu baxımdan bəyanatda enerji sahəsində əməkdaşlığın genişləndirilməsinin vurğulanması tam təbiidir. Xüsusilə Qara dəniz sualtı kabeli layihəsinə və qarşılıqlı enerji bağlantılarına diqqət ayrılması ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, Azərbaycanda artıq daxili tələbatdan 2 giqavat artıq enerji istehsal olunur və bu göstərici getdikcə artacaq. Digər mühüm məqam isə sadə vətəndaşların da arzuladığı qarşılıqlı səfərləri asanlaşdıracaq Viza Sadələşdirilməsi Sazişinin davamlı icrasına toxunulmasıdır.
“Ümumilikdə Antonio Koştanın Azərbaycana səfəri və ondan əvvəl Fransa Prezidenti Emmanuel Makronun Azərbaycanın dövlət başçısına zəng edərək Naxçıvana hava hücumunu pisləməsi və həmrəylik nümayiş etdirməsi regionda yeni reallıqların formalaşdığını göstərir. 2024-cü il aprelin 5-də regionu bölücü xətlərlə parçalamağa yönəlmiş planlar artıq aktuallığını itirib. Həmin təşəbbüslər, o cümlədən Qarabağın statusu ilə bağlı mövzular faktiki olaraq gündəmdən çıxarılıb. Bu baxımdan, ilk baxışda adi səfər təsiri bağışlasa da, Antonio Koştanın Azərbaycana səfərini Azərbaycan–Avropa İttifaqı münasibətlərində mühüm dönüş mərhələsi kimi qiymətləndirirəm. Təsadüfi deyil ki, səfərdən bir neçə gün sonra Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen də qurumun artıq köhnə yanaşmalardan imtina etdiyini və daha real, praqmatik mövqedən çıxış etməyə çalışdığını bəyan edib”, - deyə deputat vurğulayıb.