Aqil Acalov: Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla mütənasiblik təşkil edir
Bakı, 4 mart, AZƏRTAC
Dövlətimizin başçısı İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. İdman ictimaiyyəti nümayəndələri üçün bu gün xüsusi gündür. Hər birimizə məlumdur ki, ölkəmizdə sağlam gənc nəslin formalaşdırılması yolunda idmanın kütləviliyinin artırılması, idmanın və bədən tərbiyəsinin inkişafı üçün görülən işlər hər zaman dövlətimizin siyasətinin əsas istiqamətlərindən biri olub. Ölkəmiz bütün sahələrdə əldə olunan nailiyyətləri müəyyən bir strateji konsepsiyaya əsaslanır.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalov deyib.
Bildirib ki, idman sahəsində qazanılan nailiyyətlər dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi təbliğati-siyasi məzmun kəsb edir. Bu qələbələr, müsbət nəticələr uzun dövr üçün hazırlanan proqramların nəticəsində əldə olunub. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla mütənasiblik təşkil edir.
“Ulu Öndər Heydər Əliyev idmanın dövlətimizin dünyada tanınmasında rolunu vurğulayaraq deyirdi: “İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən, bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycanın Dövlət Himni səslənir, dövlət bayrağı qaldırılır”. Həmçinin bu gün regionlarda federasiyaların, idman klublarının, Olimpiya mərkəzlərinin olması da bədən tərbiyəsi və idmana dövlətimizin xüsusi diqqət və qayğısının davamlı olmasının sübutudur. Bütün bunlar dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərin idman fəaliyyəti üçün yaratdığı geniş imkanların nəticəsində formalaşır”, - deyə A.Acalov əlavə edib.
Federasiya rəsmisi qeyd edib ki, həm əldə etdiyimiz qalibiyyətlər, həm maddi-texniki bazanın daim təkmilləşdirilməsi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi yolunda nailiyyətlər bir vəhdət şəklində idman sahəsindəki uğurlarımızın əsasını təşkil etməklə yanaşı, bunun davamlılığına zəmin yaradır. Bu gün biz Azərbaycan idman ictimaiyyəti nümayəndələri, Azərbaycan vətəndaşları olaraq prezidentimizin bütün sferalarda, həmçinin idman sahəsindəki siyasətini dəstəkləyirik və bu dinamikanın davamlı olacağına əminik.