Aqrar İnkişaf Könüllüləri Rusiyada keçirilən Beynəlxalq Biznes Oyununun qalibi olub
Bakı, 22 may, AZƏRTAC
Mayın 19-20-də Rusiyanın paytaxtı Moskvada “Начинающий Фермер” Beynəlxalq Biznes Oyunu keçirilib. Yarışda MDB-yə üzv olan ölkələr və Almaniyanın aqrar sahədə fəaliyyət göstərən gənclərdən ibarət nümayəndələri iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Rusiya Kənd Gəncləri Birliyinin təşkil etdiyi “Beynəlxalq Biznes Oyunu”nda Aqrar İnkişaf Könüllüləri komandası Azərbaycanı uğurla təmsil edərək ilkin mərhələlərdə iştirak edib və “Beynəlxalq Biznes Oyunu”nun final mərhələsinə vəsiqə qazanıb.
Fərqli layihələrlə, proqramlarla könüllülərin karyera inkişafında hər zaman müstəsna rol oynayan “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı Beynəlxalq Biznes Oyununda “Mushroomland” layihəsini təqdim edib. Layihə dünyada göbələk məhsuluna artan tələbat fonunda minimum xərclərlə istehsalın artırılması və orqanik məhsul istehsalının təşviq olunmasını ehtiva edir. Layihə çərçivəsində göbələk istehsalı, ticarəti sahəsində təsərrüfatların yaradılması və perspektivlərlə bağlı araşdırmalar aparılıb.
Azərbaycan Könüllü Təşkilatları İttifaqının əlaqələndirməsinin nəticəsi olaraq ölkəmizin də iştirak etdiyi “Beynəlxalq Biznes Oyunu”nda Almaniya, Belarus, Rusiya, Qırğızıstan, Qazaxıstan və Ermənistandan komandalar mübarizə aparıb.
Aqrar İnkişaf Könüllüləri komandası tərəfindən təqdim edilən “Грибыленд” layihəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Ölkəmiz 34 komanda arasında qalib gələrək Vətənə qələbə ilə qayıdıb.