AQTA sədri sahibkarları qəbul edib
Bakı, 24 oktyabr, AZƏRTAC
Oktyabrın 24-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli süd və süd məhsulları, ət və ət məhsulları, o cümlədən balıqçılıq sahələrində fəaliyyət göstərən sahibkarları qəbul edib.
AQTA-dan AZƏRTAC-a verilən məlumata görə, qəbul zamanı sahibkarların müraciət və təklifləri dinlənilib, aidiyyəti üzrə göstərişlər verilib. Həmçinin müvafiq sahələrdəki vəziyyət bir daha nəzərdən keçirilib, sahibkarlar mövcud qanunvericilik və tələblər barədə ətraflı məlumatlandırılıb. Qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin müvafiq tələblərə cavab verməsinin vacibliyi önə çəkilib.
Xatırladaq ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı hər həftənin IV günləri 16:00-dan 18:00-dək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində Agentlik sədri Qoşqar Təhməzlinin keçirdiyi vətəndaş qəbulunda iştirak edə bilərlər.
Görüşlərdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərməklə [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 51) 505 17 25 nömrəsinə zəng etməklə, həmçinin vatsapla əlaqə saxlamaqla qəbula yazıla bilərlər.