CƏMİYYƏT
AQTİ əməkdaşları Azərbaycan Texnologiya Universitetinin tələbələri ilə görüşüb




Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşları Azərbaycan Texnologiya Universitetinin tələbələri ilə görüşüb.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşün keçirilməsində məqsəd əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, institutun fəaliyyət istiqamətlərinə uyğun ixtisaslar üzrə təhsil almış məzunların işə qəbulu, onların potensialından səmərəli istifadə, habelə gənclərin məşğulluğunun təmin edilməsidir.
İnstitutun İdarə Heyəti sədrinin müşaviri Hüseyn Məmmədov və institutun Analitik Ekspertiza Mərkəzinin müdiri Tünzalə Qocayevanın iştirakı ilə keçirilən görüşdə tələbələrə AQTİ-nin fəaliyyəti barədə geniş məlumat verilib. Qeyd edilib ki, institutun müasir infrastruktura malik laboratoriyalarında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, eləcə də kompleks tədqiqatlar üzrə elmi-praktiki araşdırmalar, tədqiqatlar aparılır, laborator analizlər və sınaq işləri həyata keçirilir.
Görüş zamanı aparılan elmi fəaliyyətdə ixtisaslı mütəxəssislərin formalaşdırılması, kadr potensialının peşəkarlıq səviyyəsinin artırılmasının vacibliyi də vurğulanıb. Bildirilib ki, bu sahədə təcrübə mübadilələrinə xüsusi diqqət yetirən AQTİ yüksəkixtisaslı kadrların qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırma və tədqiqat işlərinin aparılmasına da köməklik göstərir. Görüş zamanı institutda işə qəbul prosedurları, təcrübə və könüllülük proqramları haqqında da məlumatlar verilib.
Görüş tələbələrin müvafiq sahə üzrə suallarının cavablandırılması ilə yekunlaşıb.