ARDNŞ-DƏ MALİYYƏ HESABATLARININ BEYNƏLXALQ STANDARTLARA UYĞUNLAŞDIRILMASINA HAZIRLIQ GÖRÜLÜR
Şirkətin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Maliyyə Nazirliyinin tərtib etdiyi Nümunəvi proqrama əsasən, ARDNŞ-də maliyyə hesabatlarının beynəlxalq standartlarına (MHBS) keçilməsi üçün müddət 2007-ci il iyulun 1-dək müəyyən olunmuşdur. Buna hazırlıq məqsədi ilə, ARDNŞ və onun strukturundakı ictimai əhəmiyyətli qurumlarda, eləcə də şirkətin tabeliyində olan hüquqi şəxs statuslu kommersiya təşkilatlarında MHBS–yə keçmək işinin təşkili, metodiki göstəriş və tövsiyələrin verilməsi, qarşıya çıxan məsələlərin operativ həll edilməsi və bu sahədə mərkəzi icra hakimiyyəti orqanları ilə əlaqəli işləmək üçün xüsusi komissiya yaradılmışdır. Komissiya ARDNŞ–in mühasibat uçotu sahəsində çalışan əməkdaşlarına MHBS–nin öyrədilməsi üçün təlim kursları təşkil edir. Nəzərdə tutulmuş tədbirlər çərçivəsində, ARDNŞ–in 20 əməkdaşı “AtaAudit” MMC-də MHBS-nin öyrədilməsi məqsədi ilə təşkil edilmiş biraylıq kursu bitirərək, müvafiq sertifikat almışdır. Hazırda ARDNŞ–in uçot sahəsinə rəhbərlik edən 10 əməkdaşı “İnfosistem–Link” MMC–nin keçirdiyi kurslarda ixtisaslarını artırır. Kursu bitirdikdən sonra onlara Böyük Britaniyanın Professional Maliyyə Menecerləri İnstitutunun diplomları veriləcək.