Arif Əsədov: “Qarabağ”ın qələbəsi təəccüblü deyil, “Səbail”in məğlubiyyəti isə gözlənilən idi
Bakı, 11 dekabr, AZƏRTAC
“Gərgin və mübarizənin çox olduğu bir həftəni geridə qoyduq. Bu tur oynanılan matçlar bir neçə komandanın turnir cədvəlindəki mövqeyini bərpa etməsinə səbəb oldu”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov Premyer Liqanın XVI turunun oyunlarını şərh edərkən deyib.
53 yaşlı mütəxəssis bildirib ki, “Qarabağ” - “Sumqayıt” (6:1) matçında “kimyaçılar”ın böyük hesabla məğlub olması təəccüblü hal deyil: “Qarabağ”ın gücü hamıya bəllidir. Hazırda komanda yüksəlişdədir. Futbolçular hər iki cəbhədə yaxşı çıxış edirlər. Komanda həm ölkə çempionatında xal fərqini artırır, həm də Avropa Liqasında pley-offa çıxmaq ərəfəsindədir. Bu baxımdan oyunun “Sumqayıt” üçün çətin keçəcəyi gözlənilən idi. Açıq futbol izlədik. Bu da Ağdam klubu üçün əlverişli idi. “Gənclik şəhəri” təmsilçisinin qapalı futbol oynayacağı təqdirdə məğlub olmayacağını iddia etmək isə çətin məsələdir”.
Onun sözlərinə görə, “Qəbələ” - “Kəpəz” (0:3) qarşılaşmasını turun ən maraqlı görüşü hesab etmək olar: “Oyunun ilk dəqiqələri gərgin matç izləyəcəyimizdən xəbər verirdi. “Qəbələ” də açıq futbola üstünlük verən komandadır. “Qarabağ” - “Sumqayıt” oyununda olduğu kimi, bu matçda da eyni mənzərə ilə qarşılaşdıq. Gəncə təmsilçisi əks-hücumlardan qollar vurub qələbə qazana bildi. Bu qalibiyyəti komandadakı baş məşqçi dəyişikliyi ilə də əlaqələndirmək olar. Futbolçular üç turdur oyunlara Adil Şükürovun rəhbərliyi altında çıxırlar. Onun gəlişi ilə komandada irəliləyiş hiss olunur. Həmçinin futbolçularda ruh yüksəkliyi gözə çarpır. Bunun nəticəsində matç “Kəpəz”in layiqli qələbəsi ilə yekunlaşdı”.
A.Əsədov “Zirə” - “Naxçıvan” (0-0) görüşündə meydan sahiblərinin qələbəyə daha yaxın olduğunu qeyd edib: “Doğma meydanda oynamaq onlar üçün üstünlük idi, amma bundan istifadə edə bilmədilər. Turnir cədvəlində “Qarabağ”dan uzaqlaşmamaq üçün “Zirə”yə qələbə lazım idi, lakin alınmadı. “Araz-Naxçıvan” isə sürpriz komandadır. Hətta elə anlar olur ki, liderdən xal ala bilirlər. Bəzən isə autsayderlə matçda məğlub olurlar. Düşünürəm ki, bu nəticə hər iki komanda üçün ədalətli oldu”.
Məşqçinin sözlərinə görə, son turda evdə “Səbail”i 4:0 hesabı ilə darmadağın edən “Sabah” komandası yüksəlişdədir: “Bu kollektivin oyun keyfiyyətinin artması göz qabağındadır. “Səbail”də isə eniş hiss olunur. Son zamanlar zədəlilərin sayı artır və bununla da komanda əsas oyunçularını itirir. Bu da onları geri salır. Aparıcı oyunçuları əvəz edə biləcək yaxşı futbolçular olmadığı üçün komanda problemlərlə üzləşir. Ona görə də bu məğlubiyyəti əvvəldən proqnozlaşdırmaq olardı. Amma bu cür böyükhesablı olacağı gözlənilmirdi. Heç-heçə “dənizçilər” üçün əla nəticə sayıla bilərdi. Düşünürəm ki, bu hesab “Sabah”ın yaxşı formada olmasının nəticəsidir”.
Son olaraq, “Neftçi” - “Turan Tovuz” (3:2) görüşünü dəyərləndirən mütəxəssis bu komandalar arasında daim gərgin mübarizənin getdiyini əlavə edib: Tovuzlular son qarşılaşmalarda heç də uğurlu çıxış etmir. Oyunun gedişatı da bunu göstərirdi. Düzdür, komanda rəqibin qollarına cavab verdi, amma sonda ustalıq öz sözünü dedi. Bunun hesabına “Neftçi” qalib gəldi. Bakı klubu “Sabah” kimi turnir cədvəlindəki mövqeyini bərpa edir. Bu matçdan sonra “Neftçi” liderlər qrupuna bir az da yaxınlaşdı. “Turan Tovuz” isə öz vəziyyətini çətinləşdirdi”.
Qeyd edək ki, ölkə çempionatında turnir cədvəlinə 35 xalla “Qarabağ” başçılıq edir. “Zirə” 29 xalla ikinci, “Neftçi” 25 xalla üçüncü pillədə qərarlaşıb.