“Artsy” portalı 2024-cü ildə dünyanın incəsənət paytaxtlarının siyahısını açıqlayıb
Bakı, 20 yanvar, AZƏRTAC
“Artsy” portalı dünyanın 5 ölkəsindən ibarət incəsənət paytaxtlarının siyahısını hazırlayıb. Həmin ölkələr bu yaxınlarda London, Nyu-York və Paris kimi tanınmış art-mərkəzlərlə ciddi rəqabət təşkil edə bilər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ekspertlərin seçimlərinə bir çox amillərlə yanaşı, yerli qalereya şəbəkəsinin şaxələnməsi, illik art-yarmarkaların sayı, sərgi proqramının müxtəlifliyi və aktiv kolleksiyaçıların təxmini sayı öz təsirini göstərib.
Cənubi Koreya dedikdə, “Artsy”nin müəllifləri Asiyaya mədəni və iqtisadi qapıları olan liman şəhəri Pusana diqqət çəkirlər. Ötən il “Bloomberg” Pusanı “Cənubi Koreyanın Mayamisi” adlandırmışdı. Ötən ilin yayında 22 ölkədən 145 qalereyanın iştirak etdiyi “Art Busan” yarmarkasında satışda 20 faizlik artım müşahidə edilmişdi.
Amerika Atlantası barədə məqalədə ən sürətlə inkişaf edən şəhərlərdən birindən söhbət açılır. Burada art-səhnə dirçəlişdədir. Yerli bazarlarda öz fəaliyyətini “United Talent Agency”, “Jackson Fine Art” və “Wolfgang Gallery” kimi qalereyalar fəal davam etdirirlər.
Fransanın cənub sahilboyunda yerləşən Marseli “Time” jurnalı bu yaxınlarda “Cənubi Avropanın aparıcı mədəniyyət hablarından biri” adlandırıb. Parislə müqayisədə kirayə haqqının daha aşağı olması Marseli rəssamlıqda ilk addımlar üçün studiyaların sığınacağına çevirib. Burada art-iqamətgahların geniş şəbəkəsi fəal inkişaf edir, yeni sərgi məkanları əmələ gəlir.
Materialda dünyanın perspektivli incəsənət mərkəzlərinin sırasında Qahirə və İbitsanın da adı çəkilir.