DÜNYA
Aşağı Avstriya federal əyaləti təbii fəlakət zonası elan edilib
Vyana, 15 sentyabr, AZƏRTAC
Bir neçə gündən bəri Mərkəzi Avropa ölkələrində davam edən aramsız yağışlar Avstriyada Dunay və digər çaylarda su səviyyəsinin kəskin artmasına səbəb olub. Yağışların bu templə davam edəcəyi halda, Dunay çayının səviyyəsinin son 30 ildə ən yüksək həddə çatacağı ehtimalı var.
AZƏRTAC xəbər verir ki, yağışlarla bərabər güclü külək və əlverişsiz hava şəraiti Aşağı Avstriya federal əyalətində vəziyyəti daha da kəskinləşdirib və bütün əyalətin ərazisi təbii fəlakət zonası elan edilib. Suyun artan səviyyəsi bir neçə su bəndinin uçması ilə nəticələnib, Krems rayonunda isə 100-dək evin sakini təxliyə edilib.
Paytaxt Vyana şəhərində də Dunay çayının qolu olan Vyana çayında su maksimum səviyyəyə çatıb, çay boyunca yerləşən metro xətti bağlanıb.
Vyana meriyası əhaliyə şəhər ərazisindən keçən çay və kanallara yaxın getməməyi, yalnız ən vacib hallarda evi tərk etməyi tövsiyə edib. Sentyabrın 16-da hava şəraiti ilə əlaqədar məktəb və işə getməmək üçün xüsusi icazəyə gərək olmayacaq.
Avstriya Dəmir Yolları isə Vyana-Zalsburq şəhərlərini birləşdirən qərbi dəmir yolu xətti üzərində yerləşən Amştetten və Sankt Valentin şəhərləri arasında qatarların hərəkətini müvəqqəti təxirə salmağa məcbur olub.
Meteoroloqların proqnozuna görə, yağıntılı hava şəraiti sentyabrın 18-dək davam edəcək.
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana