AŞAĞI AYIBLI KƏND MƏKTƏBİ MÜASİR TƏLƏBLƏRƏ CAVAB VERƏCƏK
Mayın 30-da Prezident İlham Əliyev Tovuzun Aşağı Ayıblı kəndinə gəldi və 1176 şagird yerlik orta məktəb binasının tikinti işlərinin gedişi ilə tanış oldu.
Dövlətimizin başçısına məlumat verildi ki, üçmərtəbəli təhsil ocağı
iki bloklu olacaq və ayrıca idman kompleksi tikiləcəkdir. İnşaat işlərinə bir müddət əvvəl başlanılmış, artıq 1-ci və 2-ci mərtəbələrin tikintisi tamamlanmışdır. Bu təhsil ocağının yeni tədris ilinədək istifadəyə verilməsi planlaşdırılır. Şagirdlərin təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili üçün məktəb zəruri avadanlıqla təmin olunacaqdır. Bildirildi ki, bu
kəndin 14 min əhalisi var və burada dörd məktəb fəaliyyət göstərsə də, onların əsaslı təmirinə böyük ehtiyac duyulur.
Prezident İlham Əliyev inşaatçılarla görüşdü, tikinti gedən sahələrə baş çəkdi, binaya bayır tərəfdən üzlük daş vurulması, xarici görünüşünün müasir olması üçün tapşırıqlar verdi. O dedi ki, birinci mərhələ məktəb tikintisi idisə, ikinci mərhələ mövcud məktəblərin təmiri məsələsidir. Bu məqsədlər üçün gələn ildən daha çox vəsait ayrılacaqdır.