“ASAN xidmət” əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları “Koreya təcrübəsi: Universitetlər Dinamik Startap Ekosistemlərinin təminatçısı rolunda” adlı beynəlxalq tədbirdə iştirak ediblər. Səfər Dövlət Agentliyinin və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində təşkil olunub.
Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, universitetlərin professorları iştirakçıları innovasiya və startap ekosistemlərinin inkişafı üzrə təcrübələr barədə məlumatlandırıblar.
Eyni zamanda startapların inkişafı, dəstək proqramları və layihələr barədə təqdimatlar keçirilib.
Tədbir çərçivəsində dövlət qurumlarından və universitetlərdən olan nümayəndələr təcrübələrini bölüşüblər və əməkdaşlıq imkanları müzakirə edilib.