İDMAN
Asiya Futbol Konfederasiyası Ramil Şeydayevi cəzalandırıb, klub prezidenti qərara etiraz edib

Bakı, 11 dekabr, AZƏRTAC
Asiya Futbol Konfederasiyası (AFC) Tailandın "Buriram Yunayted" klubunda çıxış edən Ramil Şeydayevi sərt cəzalandırıb.
AZƏRTAC xarici KİV-ə istinadən xəbər verir ki, buna 27 yaşlı hücumçunun Asiya Çempionlar Liqasının qrup mərhələsində Çində "Çjetszyan" komandasına qarşı keçirilmiş oyunda kütləvi davaya qarışması səbəb olub.
AFC-nin qərarına əsasən, təcrübəli forvard 8 oyunluq diskvalifikasiya edilib. “Buriram Yunayted”in daha iki futbolçusu 6 oyun cəzalanıb, klub 10 min ABŞ dolları məbləğində cərimələnib.
Meydan sahiblərinin heyətində isə üç oyunçu və iki məşqçi sanksiya ilə üzləşib.
Qərara münasibət bildirən “Buriram Yunayted” klubunun prezidenti Nyuin Çidçob verilən cəzalarla razılaşmadığını vurğulayıb. O, davada hücuma məruz qalan tərəfin məhz öz oyunçuları olduğunu söyləyib. Funksioner bu hadisədən dərs çıxardıqlarını və bir daha belə bir şeyin təkrarlanmasına imkan verməyəcəklərini qeyd edib.