ASİYA İNKİŞAF BANKI BAKIDAMƏSLƏHƏTLƏŞMƏ SEMİNARI KEÇİRİR
AZƏRTAC xəbər verir ki, fevralın 23-də Asiya İnkişaf Bankının təşkilatçılığı ilə Park İNN Azərbaycan mehmanxanasında özəl bölmənin və idarəetmənin qiymətləndirilməsinə dair məsləhətləşmə seminarı işə başlamışdır.
Bankın Azərbaycan üzrə nümayəndəliyinin direktoru Metyu Vestfal gündəlikdəki mövzu ilə bağlı əsas analitik sənədin hökumət və özəl bölmənin təmsilçilərinin iştirakı ilə hərtərəfli müzakirədən sonra formalaşdırılacağını bildirmişdir. O, məlumat vermişdir ki, həmin sənəddən bu mötəbər iqtisadi qurumun strategiya və əməliyyat proqramının müəyyənləşdirilməsində geniş istifadə olunacaqdır.
Çıxış edən digər natiqlər bildirmişlər ki, özəl bölmənin qiymətləndirilməsi bu sahədə potensial imkanları və problemləri, ölkəni idaretmənin qiymətləndirilməsi isə bu işin nə qədər məqsədyönlü həyata keçirildiyini aşkara çıxaracaq. Onlar həmin tədbirlərin Asiya İnkişaf Bankı ilə səmərəli əməkdaşlığa real zəmin yaradacağını inamla vurğulamışlar. Bundan əlavə, ölkəmizdə özəl bölmənin inkişafı üçün kompleks tədbirlər görüldüyü bildirilmiş, seminar iştirakçılarına təqdim olunmuş layihənin daha dolğun hazırlanmasının reallığı maksimum əks etdirməsinin vacibliyi əasaslandırılmışdır.
Seminara fevralın 24-də yekun vurulacaqdır.