Asiya kuboku: Qətər millisi Koreya Respublikasını məğlub edərək yarımfinala vəsiqə qazanıb
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 25-də futbol üzrə Asiya kuboku yarışlarının dörddəbir final mərhələsinin üçüncü qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərindəki “Zayed Sports City” stadionunda keçirilən görüşdə Qətər millisi Koreya Respublikası yığması ilə üz-üzə gəlib. Görüş qətərlilərin minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolun müəllifi Abdulaziz Hatim olub. O, qarşılaşmanın 78-ci dəqiqəsində uzaq məsafədən vurduğu baxımlı qolla komandasını yarımfinal mərhələsinə çıxarıb.
Qətər millisi yarımfinal mərhələsində Birləşmiş Ərəb Əmirliyi və Avstraliya yığmalarının qalibi ilə qarşılaşacaq. Birləşmiş Ərəb Əmirliyi-Avstraliya görüşü yanvarın 25-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, digər yarımfinal görüşündə İran yığması Yaponiya seçməsi ilə qarşılaşacaq.