Aslan Kərimov: Bakıdakı oyun göstərdi ki, Estoniya millisinə qalib gələ bilərik
Bakı, 11 oktyabr, AZƏRTAC
“Estoniya yığması ilə Azərbaycan millisi demək olar, eyni səviyyədədir. Sadəcə, oyunçu keyfiyyəti baxımından hansısa komanda daha üstün ola bilər. Lakin Bakıda keçirilən qarşılaşma göstərdi ki, bu rəqibə qalib gələ bilərik”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında futbol veteranı Aslan Kərimov Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Tallində Estoniya yığmasına qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.
Əlli yaşlı mütəxəssis bildirib ki, Canni De Byazinin başçılıq etdiyi yığma bu rəqiblə Bakıda baş tutmuş qarşılaşmada daha üstün tərəf idi: “Düşünürəm ki, millimiz səfər matçında da sükanı belə saxlamalıdır. Hücumameyilli oyun sərgiləməli, cinahlarda və ikili mübarizələrdə yaxşı oynamalıyıq. Çünki bu komandanı məğlub etmək olar. Təbii ki, oyun zamanı Estoniyanın əks hücumlarına qarşı da diqqətli olmalıyıq. Oyun üslubumuz bu komandanı üstələməyə imkan verir. Burada ustalıq səviyyəsi də önəmlidir”.
Azərbaycan millisinin seçmə mərhələdə Bakıda Avstriya yığması ilə oynayacağı matça da toxunan keçmiş yarımmüdafiəçi rəqibin güclü olduğunu vurğulayıb: “Düşünürəm ki, qrupumuzda Belçika millisi lider olsa da, avstriyalılar onlardan üstün oyun sərgiləyirlər. Bu baxımdan Bakıdakı qarşılaşmanın çətin keçəcəyini düşünürəm. Çünki rəqibin heyətində Avropanın ən öndə gedən klublarının oyunçuları çıxış edir. Həmçinin bu heyət uzun zamandır birlikdədir və oyun təcrübələri çoxdur. Buna görə də onlara qarşı oynamaq çox çətin olacaq. Avstriya ilə görüşdə heç-heçə belə, bizim üçün yaxşı nəticə sayıla bilər”.
O, noyabrda AFFA ilə müqaviləsi başa çatacaq Canni De Byazinin gələcək taleyindən də söz açıb: “Açığı, müqavilənin şərtləri ilə bağlı məndə hər hansı məlumat yoxdur. Amma mətbuatda gedən xəbərlərdən, açıqlamalardan belə başa düşdük ki, biz seçmə mərhələdə yuxarı yerlərdə qərarlaşmalı, ən azı ikinci pilləni tutmalı idik. Əgər bunun öhdəsindən gələ bilmiriksə, düşünürəm ki, artıq baş məşqçini dəyişmək məcburiyyətində qalacaqlar. Fikrimcə, seçmə mərhələ başa çatdıqdan sonra De Byazinin getməsi yox, milli komandanın baş məşqçisinin kim ola biləcəyi müzakirə olunacaq”.
Qeyd edək ki, oktyabrın 13-də Estoniya yığmasının qonağı olacaq Azərbaycan millisi bundan üç gün sonra Bakıda Avstriya seçməsini qəbul edəcək.