Aslan Kərimov: “Qarabağ” “Hekken”lə matça ciddi yanaşmasa, fərqli nəticə görə bilərik
Bakı, 12 dekabr, AZƏRTAC
“Qrup mərhələsində oynayan istənilən komandadan sürpriz gözləmək olar”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda Bakıda İsveç “Hekken”i ilə keçirəcəyi oyun barədə danışarkən deyib.
Ağdam təmsilçisinin bu rəqiblə İsveçdəki ilk matçını (1:0) yada salan veteran yarımmüdafiəçi bildirib ki, həmin görüşün taleyi meydan sahibləri azlıqda qaldıqdan sonra dəyişib: “Təbii ki, “Qarabağ” bu matça ciddi yanaşmasa, fərqli nəticə görə bilərik. Ancaq inanmıram ki, Çempionlar Liqasının qrup mərhələsində oynamış, Avropa təcrübəsi olan komanda bu cür hərəkət etsin. Səfərdəki oyunda İsveç təmsilçisinin futbolçusu qırmızı vərəqə görməsəydi, oyun “Qarabağ” üçün çətin ola bilərdi. Çünki ağdamlılar hesabı rəqib azlıqda qaldıqdan sonra açdılar”.
O, Azərbaycan çempionunun rəqib üzərindəki üstünlüklərindən də bəhs edib: “Qarabağ” üçün bu oyunda bəzi müsbət məqamlar var. Birincisi, rəqib Bakıya uzun səfər etdiyinə görə yorğun olacaq. Bu halda meydanda mübarizə aparmaq çətindir. Digər məqam isə ondan ibarətdir ki, rəqibdən fərqli olaraq, “köhlən atlar”ın qrupdan çıxmaq şansı var. Həmçinin doğma azarkeşlər qarşısında oynamaq və “Qarabağ”ın heyətində olan oyunçuların keyfiyyət baxımından rəqibdən seçilməsi üstünlükdür”.
A.Kərimovun sözlərinə görə, Bakıda mümkün heç-heçə qonaqlar üçün qələbəyə bərabər nəticə hesab olunacaq: “Hekken” “Qarabağ”a qarşı ilk oyunda meydana beşli müdafiə ilə çıxmışdı. Düşünürəm ki, onlar Bakıda da eyni sxemlə oynayacaqlar. Bu isə o anlama gəlir ki, rəqibin qol vurmaq istəyi olmayacaq və qapalı futbol sərgiləyərək əks-hücumlara bel bağlayacaqlar. Belədə Ağdam təmsilçisi müdafiədə diqqətli olmalıdır. Çünki pressinq zamanı arxa xətt boş qalacaq. İnanıram ki, komandamızın bir neçə qol şansı olacaq. “Köhlən atlar”ın heyətində bunları dəyərləndirə bilən oyunçular var. İnanıram ki, oyundan bir deyil, daha çox top fərqi ilə qalib ayrılacağıq”.
Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Hekken” matçı saat 21:45-də başlayacaq.