AŞPA AZƏRBAYCANIN BU QURUM QARŞISINDA GÖTÜRDÜYÜ ÖHDƏLİKLƏRİ YERİNƏ YETİRMƏSİNDƏN RAZIDIR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə nazir Elmar Məmmədyarov yüksək qonağı səmimi salamlayaraq onun Azərbaycana səfərini müsbət hadisə adlandırmış və respublikamızın Avropa strukturlarına inteqrasiya etməsi istiqamətində Milli Məclis ilə AŞPA arasında fəal əməkdaşlıq əlaqələrinin inkişafına təkan verəcəyini söyləmişdir.
Baş katib Bruno Haller AŞPA ilə Milli Məclis arasında sıx əməkdaşlığın qurulmasının Azərbaycan üçün böyük əhəmiyyətini qeyd edərək, bu qurumun regional əlaqələrin inkişafına da təkan verəcəyini qeyd etmişdir. Qonaq may ayında Cənubi Qafqaz respublikalarının parlament başçılarının Strasburqda keçirilmiş görüşünü xatırlatmış və belə tədbirlərin regional siyasi əhəmiyyətini qeyd etmişdir. Bruno Haller Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi prosesindən razı qaldığını vurğulamışdır.
Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərə toxunaraq, bu münaqişənin həll edilməməsinin regionun inkişafına mənfi təsir göstərdiyini, təkcə Azərbaycan üçün deyil, Ermənistanın özü üçün də iqtisadi və humanitar problemlər yaratdığını söyləmişdir. Nazir bildirmişdir ki, münaqişənin həllində ATƏT-in Minsk qrupu ilə yanaşı, AŞPA-nın da məşğul olması bu istiqamətdə müsbət nəticələrin əldə edilməsinə öz töhfəsini verə bilər.
Bruno Haller AŞPA-nın gələcəkdə də Milli Məclis və Azərbaycanın digər dövlət qurumları ilə fəal əməkdaşlıq edəcəyini bildirmiş, baş katib kimi bu istiqamətdə əlindən gələni əsirgəməyəcəyini söyləmişdir. Qonaq AŞPA-nın keçmiş vitse-prezidenti və Büro üzvü İlham Əliyevin hazırda Azərbaycana rəhbərlik etməsindən məmnun qaldığını vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunmuşdur.