AŞPA-nın payız sessiyası başlayır
Bakı, 24 sentyabr, AZƏRTAC
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın payız sessiyasında iştirak etmək üçün sentyabrın 27-dən oktyabrın 4-dək Strasburqda səfərdə olacaq.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rafael Hüseynov, Elxan Süleymanov, Sahibə Qafarova, Fazil Mustafa və Sabir Hacıyev daxildir.
Sessiya dövründə Assambleya Bürosunun və daimi komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada miqrasiya böhranına siyasi və humanitar reaksiyalar, tranzit ölkələrdə çətinliklər, ictimai sağlamlığın və xəstələrin qorunmasına dərman sənayesinin təsiri, ATƏT-in fəaliyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Sessiyada deputat Rafael Hüseynovun “Dini azadlıq və demokratik cəmiyyətdə birgə yaşama” mövzusunda məruzəsi dinləniləcək, mövzu ətrafında müzakirələr aparılacaq.
Deputatlarımız gündəlikdəki məsələlərlə bağlı çıxış edərək fikirlərini bildirəcəklər.