AŞPA-nın payız sessiyasının gündəliyi açıqlanıb
Sessiyanın sentyabrın 29-da başlayacaq ilk iş günündə ənənəvi olaraq AŞPA sədrinin yay sessiyasından ötən dövrdəki fəaliyyəti barədə hesabatı dinləniləcək, payız sessiyasının gündəliyi təsdiq olunacaq. Həmin gün, həmçinin təşkilatın Bürosunun və daimi komitəsinin hesabatları müzakirə ediləcək, Türkiyədə keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı avropalı deputatlar fikir mübadiləsi aparacaqlar.
Sentyabrın 30-da neofaşizm və ksenofobiya hallarının aşkar edilməsi və onlara qarşı mübarizə, ərəb inqilablarından sonra qurulan demokratiyada qadınların vəziyyəti diqqət mərkəzində olacaq.
Sessiyanın sonrakı günlərində ötən ilin oktyabrından 2014-cü ilin oktyabrınadək olan müddətdə monitorinqin prosedur dəyəri, Gürcüstanda demokratik təsisatların fəaliyyəti, Avropa Yenidənqurma və İnkişaf Bankının 2013-2014-cü illərdə fəaliyyəti, Albaniyanın Avropa Şurasına daxil olarkən götürdüyü öhdəlikləri yerinə yetirməsi vəziyyəti, Avropada döş xərçənginin müalicəsinin optimizm variantı məsələləri müzakirə olunacaq.
Sessiyanın gedişi ərzində avropalı deputatlar Ukrayna böhranı ətrafında müzakirələr aparacaq və insan haqları üzrə V.Havel mükafatının təqdimatı keçiriləcək.
Sessiyada Azərbaycan ilə bağlı hər hansı məsələ müzakirə olunmasa da, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvləri müzakirə olunacaq məsələlərlə bağlı ölkəmizin mövqeyini bildirəcəklər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris