Aşqarlar Kimyası İnstitutunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
Bakı, 29 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Müəssisənin baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilib: “Hər birimiz üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi”.
V.Fərzəliyev qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, elmi və mədəni münasibətlərin genişlənməsinə imkan yaradıb.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay Mustafayeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan maraqlı təqdimatla çıxış edib.