Assosiasiya sədri: Şəhər bələdiyyələri daha fəal olmalıdırlar
Şirvan, 19 dekabr, A.Yavəzadə, AZƏRTAC
Şəhər bələdiyyələrinin büdcə gəlirlərinin əsas hissəsi, təqribən 90 faizi yerli vergi və ödənişlər hesabına, yəni dayanıqlı mənbələr hesabına formalaşır. Belə bir tendensiyanı davam etdirməklə, şəhər bələdiyyələri ərazilərində olan vergiödəyici obyektlərin tam şəkildə qeydiyyata alınmasına nail olsalar, bu istiqamət üzrə büdcə gəlirlərinin bir neçə dəfə artırılması mümkündür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağında Assosiasiyanın sədri Təmraz Tağıyev hesabat məruzəsində söyləyib.
“Bu baxımdan vergi və ödəniş obyektlərinin uçotunun aparılması işini daha səmərəli formada qurmağa ehtiyac duyulur. Nəzərə alsaq ki, paytaxt bələdiyyələrində, böyük şəhərlərin və rayon mərkəzi olan şəhər bələdiyyələrinin ərazilərində vergi və ödəniş obyektləri daha çoxluq təşkil edir, bu məsələdə şəhər bələdiyyələri daha fəal olmalıdırlar. Təəssüflər olsun ki, şəhər bələdiyyələri sırasında illik büdcə gəlirləri ancaq dotasiya hesabına formalaşan və heç bir vergi obyektini uçota almayan bələdiyyələrimiz də var”, - deyə o əlavə edib.