Astanada TRACECA Hökumətlərarası Komissiyasının XVIII illik iclası keçirilir VİDEO
Astana, 15 may, AZƏRTAC
Astanada TRACECA Hökumətlərarası Komissiyasının (HK) XVIII illik iclası keçirilir.
AZƏRTAC məlumat verir ki, tədbirə iştirakçı ölkələrin nümayəndə heyətləri, TRACECA HK Daimi Katibliyin nümayəndələri, müşahidəçi ölkələr, həmçinin beynəlxalq təşkilatlar və tərəfdaşlar qatılıblar.
İclasın gündəliyinə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, region ölkələrinin tranzit potensialının gücləndirilməsi və TRACECA çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri daxil edilib.
Bundan əlavə, tədbir çərçivəsində TRACECA HK-da sədrliyin Qazaxıstana ötürülməsi, iştirakçı ölkələrin nümayəndə heyətləri rəhbərlərinin çıxışları, tranzit və nəqliyyat əməkdaşlığı məsələləri üzrə sənədlərin imzalanması, həmçinin TRACECA HK Daimi Katibliyin Baş katibinin seçilməsi nəzərdə tutulub.
TRACECA - Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyata dair Əsas Çoxtərəfli Sazişi imzalamış 14 dövləti birləşdirən beynəlxalq səviyyədə tanınmış proqramdır. Onların sırasında Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan və Ukrayna yer alır.