Astarada Zəfər Parkı istifadəyə verilib
Astara, 25 iyun, Bağır Əliyev, AZƏRTAC
Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə 124 astaralı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb. Onlardan 41 nəfəri Vətən müharibəsində həlak olub. Vətənin igid oğullarının xatirəsini əbədiləşdirmək məqsədilə Astara şəhərində Zəfər Parkı inşa edilib. Şəhərin Heydər Əliyev prospektində tikilən parkın ərazisi 1400 kvadratmetrdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəfər Parkı Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü ərəfəsində - iyunun 25-də istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.
Çıxışlarda bildirilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilərək, dünyanın sivil ordularından birinə çevrilən Azərbaycan Silahlı Qüvvələri şanlı qəhrəmanlıq salnaməsi yazaraq düşmən üzərində tarixi zəfər çaldı. Bu qələbə xalqımızın birliyi, qəhrəman əsgər və zabitlərimizin Vətən sevgisi, iradəsi, əzmi ilə qazanıldı.
Diqqətə çatdırılıb ki, bu tarixi qələbənin əldə edilməsində Astara rayonunun qəhrəman oğullarının da misilsiz əməyi var. Yaşadığımız bu sevincli günlər üçün şəhidlərimizə, qazilərimizə və bütün döyüşçülərimizə borcluyuq. Onlar tərəddüd etmədən canlarını fəda edərək erməni vandallarının zaman-zaman xalqımızın başına gətirdikləri müsibətlərin, şəhidlərimizin qisasını aldılar.
Mərasimdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif edilmiş Vətən müharibəsində qəhrəmanlıqla döyüşmüş hərbi qulluqçulara, qazilərə, şəhid ailələrinin üzvlərinə müxtəlif orden və medallar təqdim olunub.
Şəhid ailələrinin üzvləri və qazilər çıxış edərək, erməni işğalına son qoyaraq xalqımıza qələbə sevincini yaşadan, şəhidlərimizin qisasını alan, eyni zamanda, qəhrəman oğulların əməyini qiymətləndirərək orden və medallarla təltif edən Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Çıxış edənlər Vətən torpağı üçün canını fəda edən qəhrəman şəhidlərlə qürur duyduqlarını, böyük Qələbəyə, Zəfərə həsr olunan bu xatirə abidəsinin müqəddəs and yeri olacağını, bundan sonra da övladlarını Vətənə məhəbbət və sədaqət ruhunda böyüdəcəklərini vurğulayıblar.
Qeyd edək ki, Zəfər Parkında Azərbaycan Ordusunun Vətən müharibəsindəki Zəfəri ilə əlaqədar abidə kompleksi inşa olunub. Abidə-kompleksində döyüş səhnəsini əks etdirən kompozisiya Azərbaycanın əsgər və zabitlərinin qələbə əzmini göstərir.
Parkın ərazisində həmişəyaşıl ağaclar, bəzək kolları və güllər əkilib, müasir işıqlandırma sistemi quraşdırılıb. Burada sakinlərin mənalı istirahət etmələri üçün lazımi şərait yaradılıb.