REGİONLAR
Astaranın Səncərədi kəndində şəhid ailələri ilə görüş keçirilib
Astara, 7 iyun, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunun Səncərədi kəndində Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış 17 şəhidin xatirəsinə ucaldılmış abidə-kompleksin önündə şəhid ailələri ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları abidə-kompleksin önünə gül dəstələri düzərək şəhidlərin xatirəsini ehtiramla yad edib, onların ruhuna dualar oxuyublar.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Rəşad Mahmudov, Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, şəhər 1 nömrəli tam orta məktəbin direktoru Xədicə Əliyeva, kənd sakini Ramiz Hacıyev və başqaları Birinci Qarabağ və Vətən müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Astara rayonunun Səncərədi kənd ərazi icra nümayəndələrinə daxil olan kəndlərdən olan şəhidlərin göstərdiyi igidlikdən, qəhrəmanlıqlardan danışıblar.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, Artupa kənd kitabxanasının müdiri Sakitə Əliyeva 44 günlük Vətən müharibəsinin şəhidlərinə həsr etdiyi “Xarıbülbül” şeirini söyləyib.
Şəhid ailələri adından çıxış edən şəhid mayor Kamran Fərəcovun həyat yoldaşı Nuranə Fərəcova ölkəmizdə müharibə iştirakçılarına, qazilərə və şəhid ailələrinə göstərilən dövlət qayğısını yüksək dəyərləndirərək abidə-kompleksinin inşasında əməyi olan insanlara minnətdarlığını bildirib.