ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİ MƏTBUAT KONFRANSI KEÇİRMİŞLƏR
Səfərin yekununa dair bəyanatla çıxış edən həmsədrlər bildirmişlər ki, Bakıda olduqları müddətdə Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ətraflı müzakirələr aparmışlar.
Praqa prosesi çərçivəsində danışıqların düzgün istiqamətdə davam etdiyini xatırladan həmsədrlər bunun onların Lyublyanada ATƏT-in Nazirlər Şurasının iclası zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə keçirdikləri görüşün davamı olduğunu bildirmişlər.
2006-cı ildə sülh prosesində irəliləyişlərin olacağına inandıqlarını deyən həmsədrlər bu irəliləyişlərin 2005-ci ildə görülən işlərin davamını təşkil edəcəyini vurğulamışlar.
Həmsədrlər gələn il yanvarın sonunda və ya fevralın əvvəllərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi məsələsini də müzakirə etdiklərini bildirmişlər.
Qeyd edilmişdir ki, danışıqlar zamanı yaranmış hazırkı vəziyyət yaxşı irəliləyişlər vəd edir.
Aparılan danışıqların təfərrüatına toxunmayan həmsədrlər bildirmişlər ki, regiona indiki səfər zamanı onları tərəflərin razılığından sonra bölgədə sülhməramlıların yerləşdirilməsi planını hazırlamaq məqsədi ilə 1996-cı ildə yaradılmış və əsasən, ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin zabitlərindən ibarət planlaşdırma qrupu da müşayiət edir.