ATİB AZƏRBAYCANIN HƏRTƏRƏFLİ İNKİŞAFINDA MARAQLIDIR
ATİB-in Azərbaycanda fəaliyyətini yüksək qiymətləndirən Z.Səmədzadə bildirmişdir ki, türk iş adamlarının Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayələrin həcmi 2 milyard dollar civarındadır. İqtisadi-ticarət dövriyyəsi isə 1 milyard dollara yaxınlaşır, amma bu rəqəm daha çox olmalıdır. Azərbaycandakı iqtisadi-siyasi sabitlik, xarici iş adamları üçün yaradılmış şərait, sərmayələrin qorunması və təşviqi sərmayələrin həcminin artırılmasına imkan verir. Ümid edirik ki, ATİB öz imkanlarından istifadə edərək, Azərbaycana daha çox iş adamını cəlb edəcək və bundan sonra diqqət regionların inkişafına yönəldiləcəkdir.
ATİB idarə heyətinin sədri Əhməd Erentok demişdir ki, rəhbərlik etdiyi qurum Azərbaycanın hərtəfərli inkişafında maraqlıdır. Milli Məclisdə xalqın təmsilçiləri olan deputatlarla görüşdən məqsəd ATİB-in Azərbaycanda həyata keçirəcəyi layihələrlə əlaqədar fikir mübadiləsi aparmaqdır. Azərbaycanın maliyyə resursları ATİB tərəfindən diqqətlə öyrənilmiş və bir neçə layihə hazırlanmışdır. Bunların arasında Avrasiya İş Adamları Birliyinin, Azərbaycanda Təhsilin İnkişaf Fondunun, Təhsil televiziyasının yaradılması, İstanbulda Azərbaycan İş Adamlarının biznes forumunun keçirilməsi layihələri xüsusi yer tutur. Təhsilin İnkişaf Fondunun yaradılmasına Heydər Əliyev Fondundan dəstək alınmışdır. Ümid edirik ki, Milli Məclis də bu layihələrin həyata keçirilməsi, uğurla başa çatmasının təmin olunması üçün qanunvericilik bazasının yaradılmasında köməyini əsirgəməyəcəkdir.
Sonra görüşdə regionların sosial-iqtisadi inkişaf perspektivlərindən danışılmış, mövcud problemlərə toxunulmuş və onların həlli yolları müzakirə edilmişdir.