Atletika üzrə Azərbaycan çempionatı davam edir
Bakı, 8 iyun, AZƏRTAC
Böyüklər arasında atletika üzrə Azərbaycan çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən çempionat Azərbaycan Atletika Federasiyasının (AAF), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.
AZƏRTAC xəbər verir ki, yarışda 10 komandanın heyətində 110-dan çox atlet iştirak edir.
Çempionatın ikinci günündə atletlər 200, 800 və 3000 metr məsafələrə qaçış, estafet qaçışı (4x100), uzunluğa və hündürlüyə tullanma və lövhəatma yarışlarında qüvvələrini sınayırlar.
Ölkə çempionatının birinci günündə oğlanlar arasında üçtəkanla tullanma yarışında Rüstəm Məmmədov, hündürlüyə tullanmada Azər Əhmədov, nizəatmada Nadir Ələkbərov, nüvəitələmədə Nurəhməd Babayev qalib adını qazanıblar. Qızların yarışında isə üçtəkanla tullanmada Yekaterina Sarıyeva, nizəatmada Aynur Əhmədova və nüvəitələmədə Könül Əliyeva birinci yerə layiq görülüblər.
Oğlanlar arasında qaçış yarışlarında Ramiz Məlikov (100 m), Rüstəm Məmmədov (110 m, sədlərlə qaçış), Cavid Məmmədov (400 m) və İlham Abışov (1500 m) birinci olublar. Qızların mübarizəsində isə Zəkiyyə Həsənova (100 m), Ayana Seyuşova (100 m, sədlərlə qaçış), Nika Məmmədova (400 m) və Anna Yusubova (1500 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.