Atletika üzrə Azərbaycan çempionatının birinci günündə 130-dək idmançı yarışıb
Bakı, 5 fevral, Həsrət Mahmudova, AZƏRTAC
Fevralın 5-də Respublika Olimpiya Mərkəzində atletika üzrə Azərbaycan çempionatı başlayıb.
AZƏRTAC xəbər verir ki, çempionatın birinci günündə 130-dək atlet mübarizə aparıb. Qadınlar arasında 60 metr məsafəyə qaçış yarışlarında Yelena Pextireva çempion olub. Dörd yüz metr məsafəyə qaçış üzrə isə Adilə Məmmədova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Aidə Hacıyeva 1500 metr məsafəyə qaçışda qızıl medal qazanıb. Yekaterina Sarıyeva üçtəkanla tullanma, Fatimə Musayeva isə nüvəitələmə yarışlarında birinci olublar.
Turnirdə kişilər arasında 400 metr məsafəyə qaçış yarışında Arif Abbasov qızıl medal qazanıb. Min beş yüz metr məsafəyə qaçış yarışında Andrey Aronoviç finiş xəttini hamıdan tez keçib. Nüvəitələmə yarışlarında Tofiq Məmmədov fərqlənib. Çempionatda üçtəkanla tullanma yarışında isə Yadulla İbrahimov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Birinciliyə fevralın 6-da yekun vurulacaq.