ATMU-nun tələbələri DAAD proqramı çərçivəsində Almaniyada təhsil alacaqlar
Bakı, 17 iyul, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov DAAD təqaüd proqramı çərçivəsində Almaniyanın Yade Tətbiqi Elmlər Universitetində təhsil alacaq tələbələrlə görüşüb.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Görüşdə rektor İlham Mədətov vurğulayıb ki, beynəlxalq akademik mobillik proqramları tələbələrin dünyagörüşünün genişlənməsinə, müxtəlif təhsil sistemləri ilə yaxından tanış olmalarına, rəqabətqabiliyyətli bilik və bacarıqlar qazanmalarına mühüm töhfə verir. O, tələbələrə təhsil müddətində yüksək akademik nəticələr əldə etməyi, ölkəmizi və universiteti layiqincə təmsil etməyi arzulayıb.
Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini İranə Axundova isə təqaüd proqramının tələbələr üçün yaratdığı akademik və mədəni imkanlardan bəhs edib. O, tələbələrə proqramın təqdim etdiyi bütün imkanlardan səmərəli yararlanmağı, yüksək akademik nailiyyətlər qazanmağı və əldə edəcəkləri beynəlxalq təcrübəni gələcək peşə fəaliyyətlərində uğurla tətbiq etməyi tövsiyə edib.
Qeyd edək ki, ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin turizm işinin təşkili (tədris dili ingilis dili) ixtisası üzrə təhsil alan tələbələr Ayan İsmayılova və Fatimə Hacızadə DAAD təqaüd proqramı çərçivəsində 2026/2027-ci tədris ilinin payız semestrində Almaniyanın Yade Tətbiqi Elmlər Universitetində bir semestr təhsil alacaqlar. Tələbələr, eyni zamanda, həmin universitetdə təşkil olunacaq yay məktəbi proqramında da iştirak edəcəklər.