AUDİOVİZUAL MƏHSULLAR BAZARINDA SAXTA VƏ PİRAT MALLAR AŞKAR EDİLMİŞDİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yoxlamalar zamanı mağazalarda üzərində istehsal müəssisəsinin (studiyanın) adı, ünvanı və digər zəruri məlumatlar göstərilməyən, mənşəyi bəlli olmayan CD, audio və videokasetlərin satıldığı aşkar edilmişdir. Reydlər zamanı audiovizual məhsulların mənşəyi və qiyməti göstərilən müşayiətedici sənədlər olmadan satıldığı da müəyyənləşdirilmişdir.
Mənşəyi bəlli olmayan 1700-dən artıq audiovizual məhsul ekspertiza olunmaq üçün satışdan çıxarılmış və respublika Müəllif Hüquqları Agentliyinə təqdim edilmişdir. Aparılan ilkin ekspertizanın nəticələri göstərmişdir ki, satışdan çıxarılmış audiovizual məhsullar saxtadır və piratçılıq yolu ilə istehsal olunmuşdur.
Saxta və pirat məhsulların yerli studiyalarda istehsal edildiyi nəzərə alınaraq, yaxın günlərdə Müəllif Hüquqları Agentliyi ilə birlikdə müvafiq istehsal müəssisələrinin fəaliyyəti araşdırılacaqdır.
Audiovizual sənaye məhsulları bazarında monitorinq davam edir.