“Avro-2016”: Doqquzuncu gün
Bakı, 19 iyun, AZƏRTAC
İyunun 18-də futbol üzrə XV Avropa çempionatının qrup mərhələsi çərçivəsində növbəti üç oyun keçirilib. Bununla da bütün qruplarda ikinci tur yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, çempionatın doqquzuncu gününün ilk qarşılaşmasında “E” qrupunda yer alan Belçika və İrlandiya milliləri üz-üzə gəlib. Bordo şəhər stadionunda keçirilən qarşılaşmanı türkiyəli referi Cüneyd Çakır idarə edib.
Oyun Belçika yığmasının sürətli hücumları ilə başlayıb. Lakin belçikalıların üstünlüyünə baxmayaraq, ilk hissədə hesab açılmayıb.
Fasilədən sonra təzyiqi daha da artıran Belçika millisi 3:0 hesabı ilə qələbə qazanıb. Topları rəqib qapısından Romelu Lukaku (2) və Aksel Vitsel keçiriblər. Beləliklə, iki turdan sonra hesabında 3 xal olan Belçika yığması 1/8 finala yüksəlmək üçün yaxşı şans əldə edib.
Günün digər iki oyunu isə “F” qrupu çərçivəsində keçirilib. Əvvəlcə meydançaya İslandiya və Macarıstan komandaları çıxıblar. Marsel şəhərindəki “Velodrom” stadionunda oynanılan görüşün ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçib. Oyunun 38-ci dəqiqəsində hesabı ada ölkəsinin futbolçusu Kilfi Siqurdson 11 metrlik cərimə zərbəsi ilə açıb. İlk hissə bu hesabla başa çatıb.
Fasilədən sonra hücumları gücləndirən macarıstanlı futbolçular rəqibin qapısı qarşısında çoxsaylı qol vəziyyətləri yaradıblar. Cavab topu isə qarşılaşmanın 88-ci dəqiqəsində vurulub. Beləliklə, oyun 1:1 hesabı ilə yekunlaşıb.
“F” qrupunda və ümumiyyətlə “Avro-2016”nın qrup mərhələsində ikinci turun son qarşılaşmasında Portuqaliya və Avstriya komandaları üz-üzə gəliblər.
Parisin "Park de Prens" stadionunda keçirilən oyun, gözlənildiyi kimi, Portuqaliyanın güclü hücumları ilə başlayıb. Kriştiano Ronaldonun komandası rəqibin qapısı qarşısında bir-birinin ardınca real qol vəziyyətləri yaratsa da, bu imkanlardan yararlana bilməyib. Oyunun 79-cu dəqiqəsində Avstriyanın qapısına penalti zərbəsini təyin olunub. Kriştiano Ronaldo bu fürsəti də əldən verib və oyun 0:0 hesabı ilə başa çatıb. Beləliklə, Avstriya çempionatda ilk xalını qazanıb.
Bu qrupda 1/8 finala hansı komandaların yüksələcəyi son turda bəlli olacaq. Hazırda turnir cədvəlinə 4 xalla Macarıstan millisi başçılıq edir. Portuqaliya və İslandiyanın 2 xalı, Avstriyanın isə 1 xalı var. İyunun 22-də Portuqaliya Macarıstanla, İslandiya isə Avstriya ilə qarşılaşacaq.
AZƏRTAC “Avro-2016”nın qrup mərhələsinin bu günə olan turnir cədvəlini təqdim edir:
