“Avro-2016”: Türkiyə millisi ikinci oyunda İspaniyaya məğlub olub
Bakı, 18 iyun, AZƏRTAC
İyunun 17-də - futbol üzrə XV Avropa çempionatının səkkizinci gününün sonuncu oyununda “D” qrupunun favoriti İspaniya yığması Türkiyə millisi ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, Nitsa şəhər stadionunda oynanılan qarşılaşmanı serbiyalı Milorad Maziç idarə edib.
Oyunun ilk dəqiqələrindən təşəbbüsü ələ alan ispanlar 34-cü dəqiqədə hesabı açıblar. Nolitonun ötürməsindən sonra Morata topu başla qapının sağ küncünə göndərib - 1:0. Türkiyə millisi qoldan sonra özünə gəlməmiş qapısında ikinci topu görüb. Bu dəfə isə Fabreqasın ötürməsindən sonra Nolito özü fərqlənərək komandasını hesabda irəli çıxarıb - 2:0. İlk hissə bu hesabla başa çatıb.
Fasilədən sonra da topa nəzarəti davam etdirən İspaniya yığması 48-ci dəqiqədə üçüncü dəfə rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib. Xordi Albanın ötürməsindən sonra oyundankənar vəziyyətdə olmasına baxmayaraq, Moratanın ikinci qolunu hakim hesaba alıb - 3:0. Bu qolla Morata çempionatda dubl edən ilk futbolçu olub.
Qalan dəqiqələrdə oyunda qol olmayıb və İspaniya görüşdən 3:0 hesabı ilə qalib ayrılaraq səkkizdəbir finala vəsiqəni təmin edib.
Bu qrupun digər oyununda Xorvatiya və Çexiya yığmaları meydandan 2:2 hesablı heç-heçə ilə ayrılıb.
Beləliklə, iki turdan sonra “D” qrupuna 6 xalla İspaniya yığması başçılıq edir. Xorvatiya millisi 4 xalla ikinci, Çexiya yığması 1 xalla üçüncüdür. Aktivində xal olmayan Türkiyə yığması isə qrupda sonuncu sıradadır.
Qrup mərhələsinin üçüncü turu çərçivəsində iyunun 21-də “D” qrupunda Çexiya-Türkiyə və Xorvatiya-İspaniya oyunları keçiriləcək.