Avropa Gənclər Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək idmançılarla görüş keçirilib
Bakı, 18 iyul, AZƏRTAC
Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi Avropa Gənclər Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək paralimpiyaçılarla görüş keçirib.
MPK-dan AZƏRTAC-a bildirilib ki, qurumun prezidenti Hidayət Abdullayev, vitse-prezident İlham Zəkiyev, baş katib Toğrul Rəhimov, məşqçilər və komitə nümayəndələrinin iştirak etdiyi tədbirdə idmançılara inam ifadə olunub, qarşıdan gələn mötəbər turnirdə uğurlar arzulanıb.
Paralimpiyaçılarımız 7 idman növü – parataekvondo, paracüdo, paraatletika, paraüzgüçülük, parakamandan oxatma, parastolüstü tennis və boccia üzrə 17 idmançı (11 kişi və 6 qadın) ilə təmsil olunacaqlar.
Qeyd edək ki, Azərbaycan Milli Paralimpiya komandasının debüt edəcəyi 7-ci Avropa Gənclər Paralimpiya Oyunları iyulun 21-28-də Türkiyənin İstanbul şəhərində təşkil ediləcək. 13-23 yaş qrupu üzrə keçiriləcək oyunlarda 33 ölkədən 700-ə yaxın idmançı 9 idman növündə medallar uğrunda mübarizə aparacaq.
Avropa Gənclər Paralimpiya Oyunlarının rəsmi açılış mərasimi iyulun 24-də, bağlanış mərasimi isə iyulun 27-də gerçəkləşəcək.