AVROPA HÜQUQ MƏKANINDA AZƏRBAYCAN FƏAL TƏRƏFDAŞDIR
Yunanıstan, İtaliya, Fransa, Böyük Britaniya, İspaniya, Niderland, Türkiyə, Serbiya, Moldova, Estoniya və digər ölkələrin nümayəndələrinin iştirak etdiyi iclasda mərkəzin illik fəaliyyəti barədə ətraflı hesabat dinlənilmiş, həyata keçirilən layihələr üzrə fikir mübadiləsi aparılmış, bir sıra təşkilati məsələlər müzakirə edilmişdir.
Ədliyyə nazirinin müavini Toğrul Musayev iclasda çıxış edərək ölkəmizdə həyata keçirilən mütərəqqi islahatlar, o cümlədən Azərbaycan Respublikasının Prezidenti tərəfindən son zamanlar qəbul olunmuş fərmanlara əsasən ədliyyə və məhkəmə sistemlərinin inkişafı və müasirləşdirilməsi üzrə görülən genişmiqyaslı işlər barədə ətraflı məlumat vermiş, Ədliyyə Akademiyasının yaradılmasını diqqətə çatdırmışdır. T.Musayev mərkəzin təşəbbüsü ilə həyata keçirilən “Azərbaycanda qanunun aliliyi üzrə hüquqşünasların tədrisi və hüquq islahatlarına dəstək” layihəsi çərçivəsində təşkil olunan tədbirlərin əhəmiyyətini vurğulayaraq, bu layihənin reallaşmasına yardım edən Yunanıstan tərəfinə minnətdarlığını bildirmişdir.
Ölkəmizdə aparılan məhkəmə-hüquq islahatı barədə məlumatı böyük rəğbətlə qarşılayan iclasın iştirakçıları Azərbaycanın Avropa Ümumi Hüquq Mərkəzi ilə fəal əməkdaşlığını yüksək qiymətləndirmiş, respublikamızla əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirmişlər.
Səfər çərçivəsində T.Musayev Yunanıstanın Ədliyyə və Daxili İşlər nazirliklərinin dövlət katibləri, habelə konstitusiya icraatı və inzibati işlər üzrə ali instansiya olan Dövlət Şurasının prezidenti ilə görüşmüşdür.