Avropa Parlamentinin deputatı Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətindən yazıb
Bakı, 21 fevral, AZƏRTAC
Avropa Parlamentinin Polşadan olan üzvü Rışard Çarnetski Türkiyənin “Daily Sabah” qəzetində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı məqalə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, R.Çarnetski yazıb: “Qlobal əlaqələrin inkişafı kontekstində Trans-Xəzər dəhlizi Mərkəzi Asiyanı Avropa İttifaqı (Aİ) ilə strateji cəhətdən birləşdirən infrastruktur layihəsi kimi əsas yer tutur. Malların 15 gün və ya daha az müddətdə tranzitinin təmin edilməsini hədəfləyən bu dəhliz Aİ-nin Qlobal Portal təşəbbüsü vasitəsilə Mərkəzi Asiya regionu ilə əlaqələri gücləndirmək istiqamətində siyasi və əməliyyat öhdəliyinin sübutudur”.
Deputatın fikrincə, Aİ, həmçinin Trans-Xəzər nəqliyyat dəhlizində razılaşdırılmış investisiyaların həyata keçirilməsinə təkan verməyə çalışır. Bu, real vaxt qrafikləri və maliyyə öhdəlikləri ilə konkret layihələrin həyata keçirilməsi üçün investorların səfərbər edilməsini nəzərdə tutur.
Bundan əlavə, Avropa Parlamentinin deputatı hesab edir ki, infrastrukturun investisiya ehtiyacı 18,5 milyard avro təşkil edir. Onlar dəmir yolu və yol şəbəkələrinin yenidən qurulması, nəqliyyatın hərəkəti heyətinin genişləndirilməsi, limanın imkanlarının artırılması və sərhəd keçidlərinin təkmilləşdirilməsi kimi mühüm aspektləri əhatə etməlidir.