Avropa Şurası hər zaman Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirib
Bakı, 8 iyun, Səadət Hakıyeva, AZƏRTAC
Avropa Şurası hər zaman Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirib. AŞPA-da olan riyakarlığa isə dünyanın heç bir beynəlxalq platformasında rast gəlinmir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin qurumların ölkəmizə qarşı ədalətsiz və qərəzli mövqeyi ilə bağlı Tərtər Olimpiya İdman Kompleksinin açılışındakı nitqində ətraflı danışdı və ictimaiyyətə mesajlar verdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat bildirib ki, Avropa Şurası və AŞPA-nın ölkəmizə qarşı azərbaycanafobiya hərəkətlərini hər kəs görür və bilir. “Vətəndaşlarımız bu barədə qəzetlərdən, saytlardan oxuyur, amma mən həmin münasibəti canlı olaraq müşahidə etmişəm. Strasburqda həqiqətən dəhşətli şeylər baş verir. Bu məkanın sanki daşı, sütunu ədalətsizlik üzərində hörülüb, xəmiri xəyanətdən yoğrulub. Həmin riyakarlıq hətta təşkilatın yeməkxanasına qədər sirayət edib. Orada da bəzi üç sifətlilər, beş standartlılar oyun oynayırlar. Əsas “mirzələri”, idarəçiləri adama salonda başqa şey deyirlər, kulisdə başqa şey, çörək kəsdiyi yeməkxanada başqa şey. Yəni, son ana qədər müəyyən edə bilmirsən ki, qarşındakının mövqeyi, münasibəti nədən ibarətdir. Bir sözlə, AŞPA-nın rəhbərləri daim təsir altındadır, əsas söz deyənləri tapşırıq quludur, komitə iclasları xaotikdir və müzakirə predmetləri abstraktdır. Belə təşkilat demokratik, düzgün, ədalətli mövqe sərgiləyə bilərmi? Əlbəttə ki, xeyr. Ona görə də adıçəkilən qurumun nüfuzu günbəgün düşür, batdıqca batır. Təkcə bir faktı demək kifayətdir ki, 365 həqiqi üzvü olan qurumun qışda keçirilən son plenar iclasında cəmi 163 nəfər iştirak edib. Görünən budur ki, məlum gedişlə Avropa Şurası yalnız sədarətdən ibarət olacaq. Çünki özlərini biabır ediblər, yürütdükləri siyasətlə nüfuzlarını itiriblər”, -deyə E.Musayev diqqətə çatdırıb.
Deputat bildirib ki, Avropa Şurası ikili standartların ən çox vüsət aldığı platformadır. Məlum səbəbdəndir ki, həmin qurum Ermənistanda və onun işğal altında saxladığı Azərbaycan torpaqlarında baş verən hadisələrə - qondarma seçkilər, qırğınlar, siyasi təqiblərlə bağlı bir dəfə də olsun münasibət göstərməyib, xunta rejimini ifşa etməyib. Hətta pandemiya dövründə keçirilən və faktiki olaraq insan həyatı üçün təhlükə yaradan seçkiləri belə görməzdən gəlib. Avropa Şurasının əsl və saxta mahiyyəti bax budur! Prezident İlham Əliyevin də vurğuladığı kimi, AŞPA-nın bu qədər ölkəmizə canı yanırsa, burada insan hüquqlarının pozulmasından narahatdırsa, bəs nə üçün Azərbaycan ərazilərinin işğal olunması nəticəsində məcburi köçkünə çevrilmiş yüz minlərlə azərbaycanlının taleyinə biganə qalır. Bəs nə üçün həmin qurum Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası ilə bağlı cəhd belə göstərmir. Məgər onlar insan deyil?!.
“Azərbaycanı ağ-qara ekrandan izləməyə vərdiş etmiş AŞPA və Qərbin bəzi dairələri ölkəmizin uğurlarından narahatdırlar. Onlar bizi istəmirlər, müstəqilliyimizi, inkişafımızı istəmirlər. Amma həmin qüvvələr nə qədər çalışsalar da, ölkəmizin, dövlətçiliyimizin inkişafına mane ola bilməyəcəklər. Çünki bizim öz yolumuz var və heç kəsdən asılı deyilik”, - deyə Elşən Musayev fikirlərini yekunlaşdırıb.