AVROPA ŞURASININ İDMAN ÜZRƏ GENİŞLƏNDİRİLMİŞ HÜDUDLU SAZİŞİ MƏŞVƏRƏT KOMİTƏSİNİN İCLASI KEÇİRİLMİŞDİR
Bakı, 26 may (AZƏRTAC). Avropa Şurası (AŞ) ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qarşılıqlı razılığı əsasında Bakıda AŞ-ın İdman üzrə Genişləndirilmiş Hüdudlu Sazişi (İGHS) Məşvərət Komitəsinin və İdarəetmə Şurasının ümumi iclası keçirilmişdir.
İclasda bildirilmişdir ki, Avropa Şurasının 2007-ci ildə qəbul etdiyi qətnamə əsasında İdman üzrə Genişləndirilmiş Hüdudlu Saziş qəbul olunmuşdur. Sazişə 30-dan çox Avropa ölkəsi qoşulmuşdur. Azərbaycan da bu sazişin təsisçisi olan ölkələrdən biridir.
İGHS-nin əsas məqsədi sazişə üzv olan ölkələr arasında hökumətlərarası idman əməkdaşlığı üçün platforma yaratmaq, həmçinin dövlət orqanları, idman federasiyaları və digər qeyri-hökumət idman təşkilatları arasında idmanın sağlamlıq, ədalət və daha yaxşı idarəetmə prinsiplərinə xidmət etməsi üçün dialoqun təşviq edilməsidir.
Məşvərət Komitəsinin və İdarəetmə Şurasının ümumi iclası 2007 və 2008-ci illərdə Strasburqda, bu il isə Gənclər və İdman Nazirliyinin (GİN) təşəbbüsü ilə Azərbaycanda keçirilir. Ölkəmizi bu iclasda GİN-in beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov təmsil edir.
İclasda gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək bildirmişdir ki, idman özündə bir çox müsbət aspektləri cəmləşdirən fəaliyyət növüdür. Biz hamımız çalışırıq ki, idman məhz sülh və əmin-amanlığın qorunmasında, mədəniyyətlər arasında dialoqun, dözümlülük və digər müsbət keyfiyyətlərin inkişafında fəal rol oynasın.
Natiq demişdir ki, Azərbaycanda idmanın inkişafına dövlət tərəfindən çox böyük diqqət və qayğı göstərilir. Son illər idman infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülmüş işlərin nəticəsidir ki, bu gün ölkəmizin regionlarında 21 Olimpiya-İdman Kompleksi fəaliyyət göstərir. Məqsədimiz Azərbaycanın hər bir əyalətində yüksək tələblərə cavab verən və müasir standartlara uyğun idman qurğularının olmasıdır. Biz paytaxtdan kənarda yaşayan və az gəlirli ailələrdən olan uşaqların idmanla daha yaxşı məşğul olmaq imkanı əldə etmələrini istəyirik.
İclasda sazişə üzv olan 20-dən artıq Avropa ölkəsinin idman sahəsində məsul rəhbər işçilərinin, Məşvərət Komitəsinə üzv Avropa Qeyri-Hökumət İdman Təşkilatları Birliyinin, Avropa Sülh və İdman Təşkilatının və digər qeyri-hökumət idman təşkilatlarının nümayəndələrinin, həmçinin Avropa Şurası Gənclər və İdman Direktoratlığı katibliyinin məsul şəxsləri iştirak etmişlər.
Həmçinin iclasda idman sahəsində beynəlxalq əlaqələrin cari vəziyyəti, idmanda etik məsələlər, muxtariyyət, İGHS-nin hazırda həyata keçirdiyi layihələrin təqdimatı, 2009-cu il üçün fəaliyyət proqramı, büdcəsi və digər məsələlər müzakirə olunur.
Üç gün davam edəcək tədbirin 2010-cu ildə Avropa Şurası İdman Nazirlərinin növbəti XVIII konfransının Bakıda keçirilməsinə hazırlıq baxımından da böyük əhəmiyyəti vardır.
######
![]() |
![]() |

