Avropa Vəkillər Kollegiyaları Federasiyasının iclasında Qarabağdakı son hadisələrdən danışılıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Avropa Vəkillər Kollegiyaları Federasiyasının (FBE) iclasında Qarabağdakı son hadisələrdən danışılıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Vəkillər Kollegiyasından (ARVK) məlumat verilib.
Bildirilib ki, oktyabrın 5-dən 7-dək Polşa Respublikasının Qdansk şəhərində Avropa Vəkillər Kollegiyaları Federasiyasının (FBE) Konqresi və iclasları keçirilib. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Elçin Usub tərəfindən təmsil edilib. Tədbirin gündəliyinə uyğun olaraq, oktyabrın 5-də FBE-nin Prezident heyəti və Komissiyalarının sədrləri ilə müvafiq iclaslar təşkil edilib.
Oktyabrın 6-da konqresdə 3 əsas mövzuda - Avropada qanunun aliliyinin trayektoriyası və cari vəziyyəti, Ukraynanın bərpasında vəkillərin rolu və süni intellekt (AI) və “ChatGPT”nin vəkillərə və vəkil xidmətlərinə təsiri barədə ətraflı və maraqlı müzakirələr keçirilib.
Növbəti gün FBE-nin Konqresi keçirilib və gündəliyə uyğun olaraq, cari məsələlər müzakirə edilib.
Tədbir çərçivəsində gələcək əməkdaşlığın gücləndirilməsi məqsədilə E.Usub ilə beynəlxalq təşkilatların və Avropanın bir sıra ölkələrinin vəkillər kollegiyalarının nümayəndələri ilə ikitərəfli görüşlər olub, təcrübə mübadiləsi və yeni əməkdaşlıqların perspektivləri barədə müzakirələr aparılıb.
İclaslarda Qarabağdakı son hadisələrlə bağlı ARVK-nin mövqeyi iştirakçıların diqqətinə çatdırılıb. Xüsusilə qeyd edilib ki, ARVK-nin əsas vəzifəsi milliyyətindən asılı olmayaraq, hər bir şəxsə yüksəkkeyfiyyətli hüquqi yardımın göstərilməsidir və bunun təşkili üçün bütün tədbirlər icra olunur.
Sonda tədbir iştirakçıları üçün Qdansk şəhərinin görməli yerlərinə şəhər turu təşkil edilib.