Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu getdikcə daha da artır ŞƏRH
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin yaxşılaşdırılmasına daim böyük önəm verib. Avropa İttifaqı ilə münasibətlər ölkəmizin xarici siyasət kursunun əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyev də bütün çıxışlarında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq, Avropa qurumları, o cümlədən Avropa Şurası ilə əlaqələrin davam etdirilməsini daim tövsiyə edib. Bu yanaşma dövlətimizin başçısının siyasi fəaliyyətində də aydın şəkildə öz əksini tapır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
O xatırladıb ki, Azərbaycan torpaqları işğal altında olduğu dövrdə və müharibə zamanı Avropa Parlamenti, Avropa İttifaqının bəzi qurumları ölkəmizə qarşı qərəzli mövqe sərgiləyib, təcavüzkar Ermənistana dəstək nümayiş etdiriblər.
“Bu gün isə Azərbaycan Avropa ölkələri üçün mühüm və etibarlı tərəfdaşa çevrilib. Hazırda ölkəmizdən Avropanın bir sıra dövlətlərinə təbii qaz ixrac olunur və ümumilikdə ixrac coğrafiyasında Avropa ölkələri üstünlük təşkil edir. Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu getdikcə daha da artır.
Vətən müharibəsində qazanılan Qələbədən sonra Azərbaycana münasibətdə müəyyən müsbət dəyişikliklər müşahidə olunub. Prezident İlham Əliyev ölkəmizin haqlı və ədalətli mövqeyini beynəlxalq ictimaiyyətə çatdıraraq, əldə edilən Qələbənin beynəlxalq hüququn normalarına tam uyğun olduğunu əsaslı şəkildə sübut edib. Eyni zamanda, dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan qonşu dövlətlərlə və xüsusilə Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Bu istiqamətdə irəli sürülən təşəbbüslər və həyata keçirilən layihələr münasibətlərin inkişafına xidmət edir. Antonio Koştanın Azərbaycana səfəri də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir və tərəflər arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Görüşlərdə və verilən bəyanatlarda bu məqam açıq şəkildə ifadə olunub”, - deyə T.Rzayev bildirib.
Deputat, həmçinin vurğulayıb ki, Azərbaycan həm enerji ehtiyatları, həm də strateji nəqliyyat imkanları baxımından mühüm ölkədir. Ölkəmiz neft və qaz ixrac etməklə yanaşı, regionda əsas nəqliyyat dəhlizlərindən birinə çevrilib.
“Ümumilikdə Azərbaycan dövləti dünya ölkələri ilə sağlam və qarşılıqlı faydalı münasibətlər qurmaq əzmindədir. Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsi iqtisadi inkişafımıza əlavə təkan verir, ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir və haqlı mövqeyimizin dəstəklənməsi üçün yeni imkanlar yaradır. Bu baxımdan Antonio Koştanın ölkəmizə səfəri xüsusi əhəmiyyət daşıyır və gələcəkdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli zəmin formalaşdırır”, - deyə o əlavə edib.