Avstraliya KİV-ləri: Ermənistan Azərbaycanın şəhərlərini atəşə tutub




Kamberra, 4 oktyabr, AZƏRTAC
Ermənistan ordusu raketlərdən və ağır artilleriyadan istifadə edərək Azərbaycanın şəhərlərini atəşə tutub.
AZƏRTAC xəbər verir ki, bu barədə Avstraliyanın “Westernmagazine.com”, “Camdencourier.com”, “Yarrawongachronicle.com”, “Denipt.com” saytları və digər KİV-ləri məlumat yayıb. Bildirilir ki, Ermənistan ordusu Azərbaycanın ikinci böyük şəhəri Gəncədə mülki obyektləri, o cümlədən yaşayış binalarını raket atəşinə tutub. Dinc əhali arasında ölən və yaralananlar var.
Qeyd edilir ki, Azərbaycan bunun cavabında Ermənistan ərazisindəki hərbi obyektləri vuracağını bəyan edib. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sözləri sitat gətirilib: “Azərbaycan ölkə ərazisindəki yaşayış məntəqələrinə yönəlmiş atsın qarşısını almaq üçün birbaşa Ermənistan ərazisindəki hərbi obyektləri dağıdacaqdır”.
Bildirilir ki, Ermənistan tərəfi bu məlumatı təkzib etsə də, qondarma “Dağlıq Qarabağ respublikası”nın lideri Gəncə şəhərindəki hərbi aeroportun vurulması barədə göstəriş verdiyini deyib.
Xəbərlərdə Ermənistan ordusunun Azərbaycanın digər şəhərlərinə atəş açaraq mülki vətəndaşları hədəfə alması barədə məlumatlar da öz əksini tapıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kamberra