SİYASƏT
Avstriya ərazisindəki faşist düşərgələrində həlak olmuş azərbaycanlı hərbi əsirlərin xatirəsi yad edilmişdir
Vyana, 14 may (AZƏRTAC). Mayın 12-də və 13-də Avstriyanın Yuxarı Avstriya federal əyalətində “Ebenzee” və “Mauthauzen” əsir düşərgələri yerləşən ərazidə İkinci Dünya müharibəsinin başa çatmasının 67-ci ildönümü münasibətilə anma mərasimləri keçirilmişdir.
Mauthauzendə keçirilmiş mərasimdə Avstriyanın Federal Prezidenti Haynts Fişer, kansler Verner Faymann, dövlət və hökumət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, yerli və xarici qonaqlar, əsir düşərgələrində alman faşistlərinin işgəncələrinə məruz qalmış keçmiş əsirlər, ümumilikdə 10 mindən artıq şəxs iştirak etmişdir.
Azərbaycanın Avstriyadakı səfirliyinin nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız mərasimlərdə iştirak etmiş, ümumi anma monumenti və azərbaycanlı əsirlərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoymuşlar.
Xatırladaq ki, 2001-ci ildə “Mauthauzen” əsir düşərgəsində, 2011-ci ildə isə “Ebenzee” əsir düşərgəsinin ərazisində Azərbaycanın Avstriyadakı səfirliyinin təşəbbüsü və birbaşa dəstəyi ilə azərbaycanlı əsirlərin xatirəsini əbədiləşdirən abidələr qoyulmuşdur. Rəsmi məlumata görə, müharibə illərində “Mauthauzen”də 81 nəfər azərbaycanlı əsir qətlə yetirilmişdir. Azərbaycan səfirliyinin araşdırmaları nəticəsində isə “Ebenzee”də yerləşdirilmiş hərbi əsirlər arasında azı 18 nəfər azərbaycanlının olduğu müəyyənləşdirilmişdir.
Yaradıldığı 1938-ci ildən İkinci dünya müharibəsinin sonunadək “Mauthauzen” əsir düşərgəsində müxtəlif Avropa ölkələrindən 200 mindən artıq hərbi əsir işgəncələrə məruz qalmış, onların yarısı isə alman nasistləri tərəfindən məhv edilmişdir. Avstriya ərazisində ən böyük əsir düşərgəsi olan “Mauthauzen”in ona yaxın ətraf ərazilərdə 49 “filialı” olmuş, onlardan biri “Ebenzee”də 27 mindən artıq hərbi əsir yerləşdirilmişdir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana