Ayaqları ilə rəsm çəkən rəssamın əsərlərindən ibarət sərgi açılıb VİDEO
Bakı, 16 mart, Xanım Nağıyeva, AZƏRTAC
Azərbaycanda Fransız İnstitutunda ayaqları ilə rəsm çəkən rəssam Samirə Salmanovanın əsərlərindən ibarət sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, rəssamın yaxınları, sənətsevərlər iştirak ediblər.
Səfir Orelia Buşez sərgidə iştirak etməkdən məmnunluğunu bildirərək qeyd edib ki, böyük əzm və sənət sevgisi ilə çəkilən bu rəsmlər Samirənin daxili dünyasını əks etdirir. “Təbii ki, bütün bu işlərdə Samirənin ailəsinin dəstəyi danılmazdır. Bunun üçün onlara da xüsusi təşəkkür edirəm. Fransa səfirliyi və eyni zamanda, Azərbaycanda Fransız İnstitutu Samirə kimi istedadlı insanlara dəstək olmağa hər zaman hazırdır", - deyə xanım səfir əlavə edib.
Rəssamın atası Ramiz Salmanov qızına göstərilən dəstəyə görə Fransanın Azərbaycandakı səfiri Orelia Buşezə təşəkkür edib. Bildirib ki, 37 yaşlı Samirə “uşaq-serebral iflic” diaqnozu ilə doğulub: “O yerimir, ayaq üstə dura bilmir. Eşitməsi yaxşı olsa da, nitqi də qüsurludur. Bütün bu çatışmazlıqlara baxmayaraq, Samirədə rəssamlığa çox böyük maraq və istək var. Bu istək onu ayaq barmaqları ilə rəsm çəkməyə sövq edib. Samirə 8 yaşından başlayaraq, dili ilə söyləyə bilmədiklərini fırça və boyanın köməyi ilə çatdırmağa çalışır”.
R.Salmanov xüsusi qeyd edib ki, 1997-ci ildə ulu öndər Heydər Əliyevin də iştirak etdiyi sərgiyə qatılan Samirə onunla görüşüb. Ümummilli lider rəssama xeyir-dua verib. Bu görüş Samirənin yaddaşından heç zaman çıxmır.
Samirənin anası Faiqə Salmanova isə deyib ki, qızımız təhsil almasa da o, ayaq barmaqları ilə yazı da yazır, kompüterdə sərbəst işləyə bilir, hətta diyircəkli kresloda oturduğu yerdə ayaq barmaqları ilə xırda ev işləri də görür.
Qeyd edək ki, Samirə Salmanova indiyədək həm ölkəmizdə, həm də xaricdə keçirilən sərgi və müsabiqələrdə bir çox uğurlar əldə edib. Onun çəkdiyi rəsmlər böyük maraqla qarşılanır.