AYDIN KAZIMZADƏ: BİZ HAMINI XATIRLAMAĞA ÇALIŞIRIQ
AZƏRTAC xəbər verir ki, iyunun 24-də “İbrus” Teatrında Azərbaycan Dövlət Film Fondu və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan kinematoqrafçısı - operator, ssenariçi, rejissor, akytor, Dövlət mükafatı laureatı, xalq artisti Muxtar Dadaşovun anadan olmasının 95 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilmişdir.
Milli kinematoqrafın yaranmasının 110 illik yubileyinə hazırlıq görüldüyünü vurğulayan əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə demişdir: “Bu əlamətdar günə yaxınlaşdıqca, Azərbaycanın bütün kino xadimlərinin xatirə gecələrini keçirmək istəyirik. Biz hamını xatırlamağa tələsirik”.
O demişdir ki, Muxtar Dadaşov Azərbaycan kinosunda dərin iz qoyub getmişdir. Onun irsi, əslində, kinematoqrafın tarixidir. M.Dadaşov sözün əsl mənasında, operator sənətinin vurğunu idi. Qeyri-adi rejissor təfəkkürü hazırda Dövlət Film Fondunun qızıl kolleksiyasında layiqli yer tutmuş sənədli və bədii kinolentlər yaratmaqda ona kömək edirdi. Muxtar Dadaşov bəzən sifarişlə də filmlər çəkirdi. Yəni o, sosializm, Azərbaycanın kommunizmə doğru iri addımlarla irəliləməsi barədə lentlərin müəllifidir. Lakin bu tariximizin silinməsi mümkün olmayan bir hissəsidir. Bu gün tarixi faktları bərpa etmək üçün mütəxəssislər xronikaya, o cümlədən Muxtar Dadaşovun videofilmərinə müraciət edirlər.
M.Dadaşov 1924-1929-cu illərdə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının, 1929-1931-ci illərdə Gənc Tamaşaçılar Teatrının aktyoru olmuş, 1931-ci ildən isə “Azərbaycanfilm” kinostudiyasında operator işləmişdir.
M.Dadaşov 1939-cu ildə “Sovet Azərbaycanı” sənədli filmini çəkmişdir. Eyni vaxtda həm müəllifi, həm rejissoru, həm də operatoru olduğu bu film 1951-ci ildə Beynəlxalq Kann festivalının laureatı adına layiq görülmüşdür. M.Dadaşov “Qanun naminə” (“Mehman”), “Bakıda küləklər əsir” bədii filmlərinin rejissorudur və bu, onun filmlərinin və mükafatlarının heç də tam siyahısı deyildir.
Gecədə Muxtar Dadaşovun dostları, tanışları və doğmaları onun həyatı və yaradıcılığı ilə bağlı xatirələrini bölüşmüşlər.