Aydın Süleymanlı “Vladimir Bato Kontiç” turnirinin qalibi olmaqla, həm də qrossmeyster balını yığıb
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan şahmatçısı Aydın Süleymanlı Monteneqronun Nikşiç şəhərində keçirilən “Vladimir Bato Kontiç” turnirinin qalibi olmaqla, həm də, beynəlxalq qrossmeyster balını normasını da toplamağa müvəffəq oldu ki, bu da çox gözəl nəticədir.
Bunu AZƏRTAC-a yeniyetmələrdən ibarət şahmat üzrə yığma komandamızın baş məşqçisi Fərid Abbasov bildirib.
O qeyd edib ki, yarışda beynəlxalq qrossmeysterlər və beynəlxalq ustalardan ibarət güclü heyət iştirak edib: “Təmsilçimiz yaxşı oyun nümayiş etdirdi. Doqquz oyundan 6,5 xal toplayaraq, həm də, reytinqini 15 vahid artırdı”.
Məşqçi 8-ci turda qarşılaşmanın şahmatçımız üçün ən gərgin oyunlardan biri olduğunu vurğulayıb: “Aydının əsas oyunu 8-ci turda turnirin favoriti sayılan və Türkiyənin ən güclü şahmatçılarından biri olan Vahap Sanal ilə baş tutdu. Qardaş ölkənin şahmatçısına qarşı qara fiqurlarla mübarizə aparan Aydın çox gərgin keçən oyunda qələbə qazandı”.
Fərid Abbasov şahmatçının öz üzərində daima çalışdığını və qarşıdakı yarışlara böyük səylə hazırlaşdığını da vurğulayıb: “Aydın Monteneqroda daha bir yarışda mübarizəyə başlayır. Bundan başqa mayın 3-də kişilər arasında Azərbaycan çempionatının startı planlaşdırılır ki, həmin yarışda da A.Süleymanlının iştirakı nəzərdə tutulub. Şahmatçımız yaxşı formadadır və inanıram ki, o, daha böyük zirvələr fəth edəcək”.
Qeyd edək ki, Aydın Süleymanlı martın 16-22-də Monteneqronun Nikşiç şəhərində keçirilmiş “Vladimir Bato Kontiç” turnirinin qalibi olub.