CƏMİYYƏT
Azad edilmiş ərazilərdə həyata keçirilən tikinti layihələrində 50 faizdən çox yaşıllıq tələbi qoyulub
Bakı, 13 sentyabr, AZƏRTAC
Bakıda yeni yaşayış massivlərinin salınması zamanı ərazinin 25, işğaldan azad edilmiş ərazilərdə isə 50 faizdən çoxunun yaşıllıqlarla əhatə olunması tələbi qoyulub.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov jurnalistlərə müsahibəsində deyib.
"İşğaldan azad edilən ərazilərdə vaxtilə törədilən ekosidin nəticələrinin aradan qaldırılması, yaranan ekoloji problemlərin həlli üçün irəli sürülən ekoloji tələblər həyata keçirilən layihələrin tərkib hissəsidir. Yaşayış olmadığı üçün yeni yaşıllıq massivləri salınanda ərazilərin 50 faizdən çoxu yaşıllıq altına düşür. Yəni burada ekoloji dost layihələr icra olunur.
Bakıda yeni yaşayış massivinin salınması zamanı ərazinin yaşıllıqlarla əhatə olunması tələbi 25, azad edilmiş ərazilərdə 50 faizdən çoxdur. Planlaşmada, yer quruluşunda, şəhərlərin Baş planlarında zəruri məsələlər əvvəlcədən nəzərə alınır. Dünyada qəbul edilmiş qaydaya görə ekoloji baxımdan ərazinin üçdəbiri yaşıllıq olmalıdır. Əgər bir dövlət bu tələbə cavab verə bilmirsə, deməli həmin ekoloji tələbi nəzərə alınmır. Biz Qarabağ və Şərqi Zəngəzurda 33 faizi tətbiq edə bilsək, həmin ərazilərdə daha möhtəşəm bir mənzərənin şahidi olacağıq", - deyə M.Qənbərov bildirib.