“Azerbaijan International 2019” turnirində səkkizdəbir finala start verilib
Bakı, 8 iyun, AZƏRTAC
İyunun 8-də “Azerbaijan International 2019” turnirinin üçüncü gününə start verilib.
AZƏRTAC xəbər verir ki, 5 kateqoriya üzrə keçirilən turnirin üçüncü günündə səkkizdəbir və dörddəbir final mərhələsinin oyunları keçirilir. Badmintonçularımızdan kişilərin qoşa yarışında mübarizə aparan Ezmi Qovimuramadhoni və Edi Reski Dviçayo cütü səkkizdəbir finalda Almaniya təmsilçiləri Mark Lamsfuss-Marvin Seidel tandemi ilə qarşılaşacaq. Cahid Əlhəsənov-Səbuhi Hüseynov dueti isə bu mərhələdə Bolqarıstan badmintonçuları Aleks Vlaar-Dimitar Yanakiev cütü ilə üz-üzə gələcək. Qadınların qoşa yarışında isə Xavər Bayramova-Elnurə Cəfərova cütü indoneziyalı Manişa-Rutaparna Panda dueti ilə qarşılaşacaq.
“Azerbaijan International 2019” turnirinə iyunun 9-da oynanılacaq yarımfinal və final görüşləri ilə yekun vurulacaq.
Turnirin gedişini Avropa Badminton Konfederasiyasının rəsmi “YouTube” kanalı vasitəsilə birbaşa izləmək mümkündür. Görüşlərin nəticələri Dünya Badminton Federasiyasının rəsmi saytında operativ qaydada yerləşdirilir.