AZƏRBAYCAN-ABŞ HƏRBİ ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ OLUNMUŞDUR
Nazir qonaqlara Ermənistanın Azərbaycana hərbi təcavüzü barədə məlumat vermiş, buna baxmayaraq, ölkəmizin sürətlə inkişaf etdiyini, respublikamızda irimiqyaslı layihələrin həyata keçirildiyini diqqətə çatdıraraq söyləmişdir ki, yaxın zamanlarda Bakı-Tbilisi-Ərzurum qaz kəməri də istifadəyə veriləcəkdir. S.Əbiyev demişdir: “Bu layihələr beynəlxalq mahiyyət daşıyır. Layihələrin gerçəkləşməsində çoxlu dövlətlər, o cümlədən ABŞ iştirak edir. Bütün bu layihələr Azərbaycanın işğalçı Ermənistanla müharibə şəraitində həyata keçirilmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması bu layihələrin səmərəli işləməsinə böyük təhlükədir. Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupunun məşğul olmasına və BMT-nin Təhlükəsizlik Şurasının işğalçı Ermənistanın silahlı qüvvələrinin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması haqqında 4 qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan dövləti onların tələblərini yerinə yetirmir”.
Müdafiə naziri müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Avropanın təhlükəsizlik strukturları ilə əməkdaşlığa başlaması, beynəlxalq terrorizmə qarşı koalisiyada iştirakı və Silahlı Qüvvələri bölmələrinin Kosovoda, İraqda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakı haqqında qonağa məlumat vermişdir.
General Uilliam Vord Azərbaycan dövlətinin antiterror koalisiyasında və Silahlı Qüvvələri bölmələrinin sülhməramlı əməliyyatlarda iştirakına görə Azərbaycan xalqına və dövlətinə təşəkkür etmişdir.
Səfər Əbiyev Azərbaycanın ABŞ ilə həm ikitərəfli, həm də NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində əməkdaşlığı barədə qonaqla geniş fikir mübadiləsi etmişdir. O, hazırda NATO ilə əməkdaşlığın Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı (İPAP) çərçivəsində davam etdirildiyini və bu planın müddəalarının yerinə yetiriləcəyini xüsusi vurğulamışdır.
Sonra tərəflər Azərbaycan-ABŞ hərbi əməkdaşlığının müxtəlif aspektləri ətrafında müfəssəl fikir mübadiləsi aparmışlar. Onlar əmin olduqlarını bildirmişlər ki, bu əməkdaşlıq iki dövlətin silahlı qüvvələri arasındakı münasibətləri daha da dərinləşdirəcək və Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılmasını sürətləndirəcəkdir.
General-polkovnik Səfər Əbiyev qeyd etmişdir ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun 4 qərargahında fəaliyyət göstərirlər. İl ərzində 1000-dən artıq zabitimiz NATO tədbirlərində iştirak edir, Azərbaycanda NATO-nun 20-dən çox tədbiri keçirilir. Hər il onlarla zabitimiz ABŞ-da ayrı-ayrı kurslarda təhsil alır. Bu işdə bizə yardım göstərdiyinə görə ABŞ Silahlı Qüvvələrinin rəhbərliyinə təşəkkür edirəm.
Uilliam Vord Azərbaycanın NATO və ABŞ-la hərbi əlaqələri barəsində ətraflı məlumata görə təşəkkür edərək bildirmişdir ki, biz əməkdaşlığımızı genişləndirməli, daha böyük işlər görməliyik. O, Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması prosesinin uğurla davam etdiyini xüsusi vurğulamışdır. Qonaq bu istiqamətdə əllərindən gələn köməyi bundan sonra da göstərməyə hazır olduqlarını bildirmişdir.
Müdafiə naziri qeyd etmişdir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində külli miqdarda hesaba alınmamış silah və sursat saxlanılmaqdadır. Bu da Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin işğalçı Ermənistan dövləti tərəfindən açıq-aydın pozulması deməkdir.
Səfər Əbiyev Cənubi Qafqazda mövcud hərbi-siyasi vəziyyət barədə qonağı məlumatlandıraraq vurğulamışdır ki, Ermənistan bu gün də öz havadarları tərəfindən sürətlə silahlandırılır və bu da münaqişənin həllini yubadır.
Görüşdə ABŞ-ın ölkəmizdəki səfiri xanım Ann Ders iştirak etmişdir.