Azərbaycan Afrika İttifaqı ilə əməkdaşlığın yeni müstəviyə qaldırılmasında maraqlıdır
Bakı, 29 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Afrika İttifaqı yanında daimi nümayəndəsi Elman Abdullayev Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı Aişə Abdullahi ilə görüşüb.
Səfir Elman Abdullayev Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın uğurları, ölkəmizin dəstəyi ilə həyata keçirilən humanitar layihələr və regionun inkişafına respublikamızın töhfələri barədə geniş məlumat verib. Elman Abdullayev Ermənistanın təcavüzkar siyasəti və bu siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunması, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi faktlarını komissarın diqqətinə çatdırıb. Azərbaycan səfiri Ermənistanın işğalçı siyasətinin beynəlxalq təşkilatlar, xüsusilə BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar tərəfindən dəfələrlə pisləndiyini və müvafiq qətnamələrin qəbul olunduğunu vurğulayıb.
Azərbaycan haqqında ətraflı məlumat verən səfir ölkəmizin bir çox yüksək səviyyəli beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi etdiyini bildirib və “Bakı-2015” ilk Avropa Oyunları barədə söhbət açıb.
Görüşdə xanım Aişə Abdullahiyə Azərbaycanın dünyanın bir çox ölkələrində həyata keçirdiyi humanitar layihələr, ehtiyacı olan və təbii fəlakətlərlə üzləşən dövlətlərə etdiyi humanitar yardımlar barədə də geniş məlumat verilib.
Azərbaycanın humanitar sahədə çox fəal olmasını yüksək qiymətləndirən komissar ölkəmizin bu sahədəki beynəlxalq fəaliyyəti ilə tanış olduğunu qeyd edib.
Görüşdə Azərbaycan ilə Afrika İttifaqı arasında birgə humanitar layihələrin həyata keçirilməsinə maraq nümayiş etdirilib.
Səfir Elman Abdullayev Azərbaycanın Afrika İttifaqı ilə əməkdaşlığın yeni müstəviyə qaldırılmasında maraqlı olduğunu qeyd edib.