ELM VƏ TƏHSİL
Azərbaycan alimi beynəlxalq vebinarda iştirak edib
![](/files/galleryphoto/2021/2/1200x630/16256627291354147460_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/162566272966358822_1200x630.jpg)
Bakı, 7 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA Rəyasət Heyətinin üzvü, akademik Fikrət Əliyev “SOMPATY - Spektral optimallaşdırma: riyaziyyatdan fizikaya və qabaqcıl texnologiyalara doğru” (“SOMPATY - Spectral optimization: from mathematics to physics and advanced technology” layihəsi çərçivəsində keçirilən vebinara qatılıb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, vebinarda Çexiyanın Praqa Doppler Riyazi Fizika və Tətbiqi Riyaziyyat İnstitutunun professoru Pavel Exner məruzə ilə çıxış edib.
Qeyd edilən layihənin məqsədi Azərbaycan, Ukrayna, Belarus, Çex Respublikası, Almaniya, Qazaxıstan və Özbəkistanın universitetləri və tədqiqat təşkilatları arasında kadr mübadiləsi, birgə araşdırma və təlim işlərinin aparılmasıdır. Bu layihə Avropa ilə MDB arasında tədqiqat əlaqələrinin daha da inkişaf etdirilməsinə yönəlib.
Layihədə iştirak edən tədqiqat institutları spektral optimallaşdırma və nanotexnologiya, həyat elmləri və kvant mexanikasında tətbiqetmə mövzusunda güclü bir araşdırma mərkəzinə sahibdirlər. SOMPATY çərçivəsində 2020-2024-cü illər ərzində dörd layihə tədbiri (ildə bir dəfə) nəzərdə tutulub.